“ASAN xidmət” İsrail səfirinin problemini həll etdi - VİDEO

  27 Dekabr 2019    Oxunub : 7424
“ASAN xidmət” İsrail səfirinin problemini həll etdi - VİDEO
İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik Bakıda bir problemini həll etmək üçün “ASAN xidmət” mərkəzinə üz tutub və onun müraciəti qısa zamanda təmin olunub.
Azvision.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında video paylaşıb. Bildirib ki, etimadnaməsinin surətini Azərbaycan Prezidentinə təqdim edib və daha sonra diplomatik korpusa gedib: “Mənə dedilər ki, bu ölkədə kriminal tariximin olmadığınına dair sənəd gətirməliyəm. Mən də “ASAN Xidmət”ə gəldim".



İsrail səfiri "ASAN Xidmət"in fəaliyyətini yüksək qiymətləndirib: "İnana bilməzsiniz ki, burada xidmətlər nə qədər asandır. Sizə lazım olan hər şeyi, şəxsiyyət vəsiqəsini, pasport, hətta kinoteatr biletini də bir yerdə əldə edə bilərsiniz. Hamısı sadəcə bir neçə dəqiqə ərzində mümkündür. Bu, elə məhz innovasiya deməkdir. Bu, insanların vaxtına qənaət etmək, az səylə daha səmərəli olmaq və burada yaşayan insanlara xidmət etmək deməkdir. “ASAN” hər gün 3500 azərbaycanlıya xidmət göstərir. Məmnuniyyət dərəcəsi 99 faizdən artıqdır. Və indi mənim işləməyə icazə verən sənədim var və “ASAN” sayəsində işimə qayıda bilərəm".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail   Səfir