Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ardıcıllığı - SİYAHI

 Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ardıcıllığı -   SİYAHI
  27 Dekabr 2019    Oxunub:4497
Baş nazir Əli Əsədov “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Azvision.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərə əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulub. Nazirlər Kabinetinin müvafiq Qərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir. Qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:

1. 2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında (əhali sayı 2,234,800 nəfər);

2. 2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında (əhali sayı 2,113,400 nəfər);

3. 2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında (əhali sayı 1,844,100 nəfər);

4. 2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (əhali sayı 2,833,200 nəfər).

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcəkdir.

Bu Qərar 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Azvision.az


Teqlər: İcbari-tibbi-sığorta  





Xəbər lenti