Ramiz Mehdiyev alimləri tənqid etdi
“Dövlət hər il Akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib, yenidən qurmalıyıq. Alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir".
R.Mehdiyev qeyd edib ki, Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb. "Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".
R. Mehdiyev qeyd edib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur: "Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2 %-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub".
Aytən Zəhra
Azvision.az
Teqlər: AMEA