Dövlətin gənclər siyasəti prokurorluq orqanlarında uğurla həyata keçirilir

  28 Dekabr 2019    Oxunub : 1951
Dövlətin gənclər siyasəti prokurorluq orqanlarında uğurla həyata keçirilir
Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar, ilk növbədə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş gənc hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.

Xüsusi vurğulanıb ki, bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub.

Bildirilib ki, hərtərəfli inkişaf edən ölkəmizdə gənclərin xarici dillərə, müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi, respublikanın ictimai-siyasi həyatında yaxından iştirakı və dövlət idarəetmə sistemində təmsil olunmaları üçün lazımi şərait yaradılıb.

Qeyd edilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2019-cu ildə keçirilmiş müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, hüquqi aktları düzgün tətbiq etmək bacarığına, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 29 gənc hüquqşünas qulluğa qəbul edilib.

Diqqətə çatdırılıb ki, 2000-ci il aprelin 26-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 902 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 70 faizini təşkil edir.

Müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünaslardan 58 nəfəri xidməti fəaliyyətlərinin nümunəvi icrasına görə irəli çəkilərək hazırda prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 30 nəfər rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifələrində çalışır.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.

Sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içiblər.

Müsabiqədə müvəffəqiyyət qazanan gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Azvision.az

Teqlər: Prokurorluq   Andiçmə