Məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib

  29 Dekabr 2019    Oxunub : 1175
Məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
Dekabrın 29-da məcburi köçkünlər üçün Ucar rayonunda 250 mənzildən ibarət altı bina, Göyçay rayonunda isə 80 mənzilli bir bina istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar Rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay Rayon Icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, yerli ictimaiyyətin nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il minlərlə məcburi köçkün ailəsi yeni inşa edilən, rahat mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin, xüsusən mənzil-məişət məsələlərinin həlli üçün yol xəritəsi hazırlanıb və icra olunur.

Ucarda və Göyçayda yeni istifadəyə verilmiş binalar “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində inşa edilib.

Ucar rayonunda istifadəyə verilən məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Məhəllənin inşası üşün 4 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinə may ayında başlanılıb. Buradakı binalar beş mərtəbəlidir. Mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır.

Məhəllədə 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ucar rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri bu məhəlləyə köçürüləcəklər.
Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən “Ucar” yarımstansiyasının Açıq Paylayıcı Qurğularında yenidənqurma işləri aparılıb, yarımstansiyanın ərazisində 10 kV-luq yeni Qapalı Paylayıcı Qurğu inşa edilib. Bundan başqa, ikidövrəli elektrik verilişi xətti çəkilib, trasformator məntəqəsi tikilib və 2 ədəd güc transformatoru quraşdırılıb, məhəllənin ərazisinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatı üçün yaxınlıqdan keçən mövcud magistral su kəmərindən boru xətti çəkilib, iki (içməli və yanğın əleyhinə) su anbarı, su nasosxanası tikilib, müvafiq şəbəkə yaradılıb. Məhəllədə həmçinin kanalizasiya və suvarma şəbəkəsi, təbii qaz təchizatı sistemi qurulub. İstilik təchizatı üçün mənzillərdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. 220 yerlik məktəb binasının istilik təchizatı üçün qazla işləyən 2 ədəd və 100 yerlik uşaq baxçasının istilik təchizatı üçün isə 2 ədəd qızdırıcı qazanla təmin edilmiş qazanxana binaları tikilib. Məhəllədəki binaların hər birində videomüşahidə kameraları quraşdırılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, asfalt beton yol-küçə şəbəkəsi salınıb, sanitariya-təmizləmə meydançaları tikilib.

Göyçay rayonunda 0,5 hektar torpaq sahəsində 80 mənzilli binanın tikintisinə cari ilin yanvar ayında başlanılıb. Tam müasir standartlara uyğun inşa edilən binada yaşayış üçün hər bir şərait yaradılıb, müvafiq mühəndis kommunikasiya şəbəkələri qurulub. Binadakı mənzillərdən 15-i birotaqlı, 30-u ikiotaqlı, 30-u üç otaqlı, 5-i dördotaqlıdır.
Binanın elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən mövcud "Çörək zavodu" yarımstansiyasında və mövcud "3-cü Şəhər" hava xəttində yenidənqurma işləri aparılıb, kabel xətti çəkilib və KTY quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə də kabel xətləri çəkilib və binanın ərazisinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, 2 ədəd içməli su, 2 ədəd yanğın əleyhinə su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli su və yanğına qarşı su şəbəkəsi tikilib və 10 ədəd hidrantı quraşdırılıb. Kanalizasiya şəbəkəsi qurulub, əlahiddə çirkab suları təmizləyicisi və dizel generatoru quraşdırılıb, kanalizasiya nasosxanası və nəzarətçi binası tikilib. Yaşılaşdırma sahələrinin suvarılması üçün su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib və suvarma kranları quraşdırılıb.

Qaz təchizatını təmin etmək məqsədi ilə Göyçay 2 saylı Qaz Paylayışı Stansiyadan orta təzyiqli polietilen yeraltı qaz boru kəməri çəkilib və şkaf tipli qaztənzimləyici məntəqə quraşdırılıb, mənzillər borular vasitəsi ilə aşağı təzyiqli qaz ilə təmin edilib. Hər mənzildə isə ayrılıqda qaz tənzimləyici reduktorlar, PQ-4 tipli qaz peçləri və G-4 smart kart tipli qaz sayğacları quraşdırılıb. İstilik təchizatı üçün hər mənzildə 24 kvt gücündə kombi tipli suqızdırıcı cihazlar quraşdırılıb.

Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, asfaltbeton yol-küçə şəbəkəsi, drenaj şəbəkəsi və nasosxanası tikilib, sanitariya-təmizləmə meydança inşa olunub.
UcarGöyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni il yeni mənzillərdə qarşılayacaqlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bunun üçün bütün zəruri tədbirləri görür.

Azvision.az

Teqlər: Ucar   Göyçay   Komitə   Mənzil   Köçkün