“Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur” - İlham Əliyev

 “Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur” -    İlham Əliyev
  31 Dekabr 2019    Oxunub:2303
Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı jurnalistin sualına cavabında bildirib: "Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin Brexitdən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib".

Prezident qeyd edib ki, hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün bunlar başqa ölkələrlə münasibətlər qurulmasına əsla mane olmur.

"Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından tamamilə müstəqil kurs yürüdür. Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqilik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun təqribən 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiq və basqıları dəf etmək üçün bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub.

Bu yaxınlarda Azərbaycan jurnalistləri ilə görüşümdə mən bu məsələlər barədə ətraflı danışmışam, belə ki, bəzən bizim mətbuatımızda bununla bağlı reallıqdan uzaq fikirlər səsləndirilir. Mən bu məsələnin üzərində təfsilatı ilə dayanaraq dedim ki, bizi orada heç gözləmirlər də. Biz hətta namizədlərin siyahısına da daxil deyilik. Həm də Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ-i ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Axı, biz kiminsə xoşuna gəlmək üçün və ya sadəcə ondan bizdə də var demək xətrinə saziş imzalaya bilmərik. Biz bu cür işləmirik. Bizim əldə edəcəyimiz hər hansı saziş, hər hansı razılaşmanın konkret nəticələri olmalıdır".

Prezident İlham Əliyev çıxışına əlavə edib: "Biz bu gün Rusiya-Azərbaycan münasibətlərindən bəhs etdik. Görürsünüz, hər məsələdə konkret nəticə var, bizim razılıq əldə etdiklərimizin və imzaladıqlarımızın hamısı həyata keçirilir. Biz Avropa Komissiyasına da bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Sazil    





Xəbər lenti