Bayram günlərində “Şahdağ”a 17 mindən çox turist gedib

  04 Yanvar 2020    Oxunub : 3314
Bayram günlərində “Şahdağ”a 17 mindən çox turist gedib
Bayram günlərində Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. Son dörd gündə - dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb.

“Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib ki, hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb. “Bayram tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlir. Hər gün minə yaxın turist xizək sürmək üçün müraciət edir. Mərkəzimiz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20 növə yaxın qış əyləncəsi qonaqların ixtiyarındadır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır”, - deyə Rauf Cahangirov bildirib.

Hazırda xizək həvəskarları “Şahdağ” Turizm Mərkəzində 7 eniş zolağından istifadə edə bilirlər. Yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün kinoteatr fəaliyyət göstərir. Bundan əlavə, mərkəzdə dördxətli boulinq, uşaq boulinqi, bilyard və avtomat oyunlardan ibarət oyun zalı yaradılıb, “Music Hall” inşa edilib.

“Şahdağ” Turizm Mərkəzinə gələn turistlər dəniz səviyyəsindən 2351 metr yüksəklikdə yerləşən “Shahdag 2351” kafesində ləziz təamların dadına baxa bilərlər.

Azvision.az

Teqlər: Şahdağ   Turist