Bu gün üç Milli Qəhrəmanımızın doğum günüdür

Bu gün üç Milli Qəhrəmanımızın doğum günüdür
  05 Yanvar 2020    Oxunub:17539
Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanı - Şirin Mirzəyev, Elgiz Kərimov və Naiq Yusifovun doğum günüdür.
Azvision.az xəbər verir ki, əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci ilin yanvar ayının 5-də Xankəndində anadan olub. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib aparıb. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu yaradıb.

Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirib. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb. Ş.Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilib.

Ş.Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlib. 1987-ci ildə orta təhsilini başa vurub, həmin il hərbi xidmətə çağırılıb. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəhbəyə könüllü gedənlərdən biri olub. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətənin müdafiəsinə qalxıb.

Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv edib. Döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olub. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüş yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlib. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılıb, döyüşçülərimiz azad edilib. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəlib. 21 yaşlı cəsur döyüşçü canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Bərdə rayonunda dəfn edilib.

Naiq Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlib. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılıb. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranıb, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdi. Naiq də öz növbəsində vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılıb. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırıb.

24 mart 1992-ci ildə erməni quldurları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçiblər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırmış. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayıb. Bir an içində maşını alov bürüyüb. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edib. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilməyib. Lakin ona yaxınlaşan işğalçılara avtomatdan atəş açıb. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxıb. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Yusifov Naiq Nəsir oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

Azvision.az


Teqlər: Milli-Qəhrəman   Döyüş   Qarabağ   Şəhid  





Xəbər lenti