Ötən il teatrlar üçün məhsuldar olub

  06 Yanvar 2020    Oxunub : 873
Ötən il teatrlar üçün məhsuldar olub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr ötən il də davam etdirilib.
Azvision.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq olunmuş repertuar planına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.Tolstoyun “Buratino”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında A.S.Ekzüperinin “Balaca Şahzadə”, V.Hüqonun “Paris Notr -Dama ithaf”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Elçinin “Şeytan əməlləri”, B.Şounun “Millionçu qadın”, C.Cabbarlının “Aydın”, V.Səmədoğlunun “Yayda qar topu oyunu”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Şmittin “Tanrıya on dörd məktub”, Şərq nağılları əsasında “Sindibad”, C.Cabbarlının “Oqtay Eloğlu”, Azərbaycan Dövlət Pantomima Teatrında B.Xanızadənin “Xocalı-bu olub”, Dövlət “YUĞ” Teatrında V.Şekspirin “III Riçard.Lənət”, Sumqayıt Dövlət Dram Teatrında C.Cabbarlının “Solğun çiçəklər”, Qusar Dövlət Ləzgi Dram Teatrında R.Rəhimlinin “Sönmüş talelər” tamaşalarının premyeraları olub.

Ötən il fevralın 25-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pantomima Teatrı Bəxtiyar Xanızadənin “Xocalı-bu olub” tamaşası ilə təmsil edib.

Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə martın 10-da Milli Teatr Gününə həsr “Boş məkanın dolğunluğu adlı” II Eksperimental tamaşalar Festivalını gerçəkləşdirib.

Mayın 23-dən 31-dək rejissor Tərlan Rəsulovun təsis etdiyi “dOM” Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında “Limbo” tamaşası ilə çıxış edib.

İyunun 1-dən 5-dək Lənkəran şəhərində I Beynəlxalq Uşaq Teatrları Festivalı reallaşıb. Festivala Böyük Britaniya, Gürcüstan və İran İslam Respublikasından teatr kollektivləri qatılıb.

Bundan başqa, iyunun 1-dən 7-dək Dövlət “Yuğ” Teatrı Rusiyanın Kazan şəhərində keçirilən Navruz Beynəlxalq Teatr Festivalında iştirak edib. Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin “Kontrabas” tamaşası ilə ölkəmizi təmsil edib.

Oktyabrın 10-15-də Albaniyanın Elbasan şəhərində “Skampa-2019” Modern Teatr Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, professor Fərəc Qarayevin “Gözləmə” və Samuel Bekketin “Qodo həsrətində” əsərləri əsasında hazırlanmış “Qodonun intizarında” tamaşası ilə çıxış edib.

Noyabrın 16-17-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Rusiya Akademik Malıy Teatrı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” tamaşası təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi yolu ilə hazırlanmış və həmin tamaşalar 23-30 noyabr tarixində Bakı şəhərində nümayiş olunub.

Eyni zamanda, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə dekabrın 2-dən 10-dək “2+1” adlı” III Eksperimental tamaşalar Festivalı keçirib. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Qax Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qusar Dövlət Ləzgi, Ağdam Dövlət Dram, Qazax Dövlət Dram və Bakı Uşaq Teatrları çıxış ediblər.

Dekabrın 4-də isə Şuşa Dövlət Musiqili Dram Teatrında Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Sevimli Sədəfim” tamaşası nümayiş olunub.

Azvision.az

Teqlər: Teatr   Tamaşa