“Obyektiv şəkildə müşahidə missiyasını həyata keçirəcəyik” - Teyler

  07 Yanvar 2020    Oxunub : 2107
“Obyektiv şəkildə müşahidə missiyasını həyata keçirəcəyik” - Teyler
Biz yalnız seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlmişik. Növbədənkənar parlament seçkilərinin ATƏT DTİHB-nin tövsiyə etdiyi öhdəliklərə uyğun keçirilib-keçirilmədiyi seçki müşahidə missiyası tərəfindən qiymətləndiriləcək.
Azvision.az xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Piter Teyler mətbuat konfransında deyib. O bildirib ki, bütün üzv dövlətlərdə eyni seçki metodologiyası tətbiq edilir, proses eyni standartlara uyğun qiymətləndirilir.

“Seçki prosesinin bütün aspektlərinə, namizədlərin qeydiyyatı, seçkiöncəsi kampaniya, media ilə bağlı vəziyyət, seçki adminstrasiyalarının fəaliyyəti və əlbəttə ki, seçki günü baş verənlərə diqqət edəcəyik. Namizədlərlə, partiyaların nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərimiz olacaq.

Biz obyektiv, qərəzsiz şəkildə müşahidə missiyasını həyata keçirəcəyik. İşimizi tam olaraq faktlara yönəldəcəyik. Əsas heyətin və müşahidəçilərin təqdim etdikləri faktlar əsasında hesabatımızı hazırlayacayıq. Bizim rolumuz sırf seçki prosesini müşahidə etməkdir, heç bir halda prosedurlara müdaxilə etməyəcəyik, şərh də verməyəcəyik. Şərhimiz yalnız seçkidən sonra olacaq”, - deyə Teyler əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT   Seçki