İlham Əliyev nekroloq imzaladı

 İlham Əliyev nekroloq imzaladı
  07 Yanvar 2020    Oxunub:2891
Prezident İlham Əliyev tanınmış alim, akademik Bahadır Tağıyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Azvision.az -ın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat edib.

Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləyib. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olmuş, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışıb. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləmiş, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olub.

Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1984-cü ildə professor elmi adı alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə edib. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunmuşdur. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilib.

Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilib. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirib.

Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını almış, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Ceyhun Bayramov

Arif Paşayev

İbrahim Quliyev

Nazim Məmmədov

Cavad Abdinov

Telman Əliyev".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Nekroloq  





Xəbər lenti