“Mingəçevir İES-də qəza səhlənkarlıq nəticəsində baş verib” - Prezident

  07 Yanvar 2020    Oxunub : 2668
 “Mingəçevir İES-də qəza səhlənkarlıq nəticəsində baş verib” - Prezident
“Biz son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilibdir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Prezident bildirib ki, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstəriib.

“Əlbəttə ki, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, bizim üçün böyük problemlər yaratmışdır. İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürülürdü. Bakının enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Bakının enerji təminatını inhisara götürmüş “Barmek” şirkəti enerji təsərrüfatını tamamilə sıradan çıxarmışdı. İndi bir çoxları o dövrü unudub. Mən bunu yaxşı xatırlayıram ki, məhz mənim göstərişimlə və sərəncamımla xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və “Azərişıq” yaradıldı. “Azərişıq” Səhmdar Cəmiyyətinin adını da mən vermişdim. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir. Ancaq bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası (İES) necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev