İki rayonda çağırışçılar hərbi xidmətə yola salınıb

İki rayonda çağırışçılar hərbi xidmətə yola salınıb
  07 Yanvar 2020    Oxunub:1989
“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin təntənəli yolasalma mərasimləri keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Azvision.az -a verilən məlumata görə, tədbirlərdə Xidmətin yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Yanvarın 7-də Sabirabad rayonunda keçirilən tədbirin iştirakçıları və çağırışçılar əvvəlcə Sabirabad rayonunun Bayraq Meydanı Muzeyində Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Yolasalma mərasiminin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgərinin işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malik olduğunu diqqətə çatdırıb.

SHXÇDX-nin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan danışıb, hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz və cəsur əsgərləri olacaqlarına inam ifadə edib.

Valideynlər adından çıxış edən Babacan Abdurəhmanov bu gün iftixar hissi ilə nəvəsini hərbi xidmətə yola saldığını bildirib. Gənclərin böyük ruh yüksəkliyi ilə hərbi xidmətə getmələrindən qürur duyduğunu söyləyib. Çağırışçıların Vətənə layiqli əsgər olacaqlarına, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına əmin olduğunu deyib.

Qarabağ müharibəsi veteranı Faiq Hüseynov gənclərə hərbin sirlərinə mükəmməl yiyələnməyi, komandir və rəislərin əmrlərinə dönmədən əməl etməyi və Azərbaycan əsgəri kimi şərəfli adı həmişə uca tutmağı tövsiyə edib. Çağırışçılar adından danışan Musa Ağammədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi şərəfli bir missiyanı layiqincə yerinə yetirəcəklərinə söz verib.

Mədəniyyət və incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim olunduqdan sonra gənclər Azərbaycan bayrağına ehtiramlarını bildirərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Azvision.az



Teqlər: SHXÇDX  





Xəbər lenti