Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

  09 Yanvar 2020    Oxunub : 1134
Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə parlaq vətənpərvərlik nümunələrinin təbliği, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edəcək, Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunacaq.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində, Hərb Tarixi Muzeyində kitab, foto və rəsm sərgilərinin, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərinin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrində və hərbi hissələrdə “20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür” şüarı altında ədəbi-bədii kompozisiyaların təqdim edilməsi, bədii və sənədi filmlərin nümayişi, dəyirmi masa və tematik gecələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: Ordu   Tədbir   MN