“Tovuzda azyaşlının öldürülməsi dövlət başçısının şəxsi nəzarətindədir” - Baş prokuror

  09 Yanvar 2020    Oxunub : 3913
“Tovuzda azyaşlının öldürülməsi dövlət başçısının şəxsi nəzarətindədir” - Baş prokuror
Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, yanvarın 9-da keçirlən əməliyyat müşavirəsində dövlət başçısının şəxsi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Başprokuror   İlhamƏliyev