“Lahıcda cəmi bir həkim var idi, o da 82 yaşında vəfat etdi”

   “Lahıcda cəmi bir həkim var idi, o da 82 yaşında vəfat etdi”
  10 Yanvar 2020    Oxunub:4064
İsmayıllı rayonunun Lahıc qəsəbəsində baş həkimin səlahiyyətlərinin icrası müvəqqəti olaraq 1970-ci il təvəllüdlü Rövşən İsmayılova tapşırılıb.

Məlumatı Azvision.az -a təsdiqləyən R.İsmayılov ixtisasca stomatoloq olduğunu deyib.
“Universiteti bitirdikdən sonra 1996-ci ildə təyinatla Lahıca gəldim. O zamandan burada işləyirəm. İşə qısa müddət fasilə vermişdim. Amma yenidən imtahan verib, işə qəbul olundum. Biz ailəlikcə həkimik. Atam da stomatoloqdur, anam isə tibb bacısı olub. Həyat yoldaşım hazırda tibb bacısı işləyir. Bundan əvvəl xəstəxananın yeganə həkimi olmuş 82 yaşlı Sədrəddin İsgəndərov dünyasını dəyişəndən sonra onun yerinə mən təyin olundum. Baş həkimin səlahiyyətlərini icra etməyimlə bağlı əmr verildi”.



R.İsmayılov hazırda çalışdığı xəstəxanada ginekoloq, pediatr və terapevtin olmadığını qeyd edib: “Bu yerlər hələ də boşdur. Həkimlərimiz yoxdur. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından terapevt həkim Şahmurad Şirəliyev həftədə bir dəfə gəlir, xəstələrə baxır, müayinə edir. Amma ambulator xəstələri özümüz qəbul edə bilirik. Ciddi xəstəlik olanda Mərkəzi Xəstəxanaya göndəririk”.

Qeyd edək ki, 2011-ci ildə inşa edilən Lahıc xəstəxanası 15 çarpayılıqdır. Xəstəxananın əvvəlki baş həkimi Sədrəddin İsgəndərov 2019-cu ilin fevral ayında dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: İsmayıllı   Lahıc   Qəsəbə   Xəstəxana  





Xəbər lenti