"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 93-cü kitabı çapdan çıxıb
  11 Yanvar 2020    Oxunub:2226
Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün əksər ölkələrlə səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 93-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2019-cu ildə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin fevral-mart aylarını əhatə edir.

Çoxcildliyin 93-cü kitabına Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüş və danışıqlarına dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının mətnləri daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Böyük Britaniya, Türkiyə, İtaliya, Səudiyyə Ərəbistanı, Rusiya, İran və digər dövlətlərin, Avropa Komissiyasının, ATƏT-in, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə materiallar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dair informasiyalar, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında, VII Qlobal Bakı Forumunda söylədiyi nitqlərin mətnləri ilə tanış ola bilər.

Ağsu və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının həmin rayonlara, habelə Beyləqana, Sumqayıta səfərləri, müxtəlif infrastruktur obyektlərinin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında xəbərlər də yeni nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 93-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti