Miqrasiya qanunvericiliyinin pozulması halları 23 faiz azalıb

  15 Yanvar 2020    Oxunub : 3192
 Miqrasiya qanunvericiliyinin pozulması halları 23 faiz azalıb
2019-cu ildə qanunsuz miqrantların saxlanma mərkəzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mərkəzdə saxlanılan əcnəbilərdən 21 faizi Pakistan, 19 faizi Türkiyə, 8 faizi İran, 6 faizi İraq, 6 faizi Gürcüstan, 40 faizi digər ölkələrin vətəndaşlarıdır.

"Ötən il ölkədə qanuni əsaslarla olan və yaşayanların sayı 232.692 nəfər olub. Bunlardan 97293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir".

V.Hüseynov qeyd edib ki, 2019-cu ildə 97293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır: "2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. 2018-ci illə müqayisədə 31 faiz azalma olub".

Bundan əlavə, Xidmət rəisi deyib ki, ötən il miqrasiya qanunvericiliyinin tələblərini 14834 əcnəbi pozub ki, bu da əvvəlki illə müqayisədə 23 faiz azalma deməkdir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov