Nazir müavini Salyanda vətəndaşları qəbul edib

Nazir müavini Salyanda vətəndaşları qəbul edib
  15 Yanvar 2020    Oxunub:2594
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dövlətimizin başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 15-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Salyan rayonunda Salyan, Neftçala, Şirvan, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Səfər çərçivəsində nazir müavini yerli ədliyyə orqanlarının işi ilə tanış olub, ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilərək Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, onun icrası üzrə görülmüş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, onlarla sayğı ilə davranılması, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti