Mənəvi Dəyərlərin Təbliği Fondunun illik fəaliyyət planı təsdiqlənib

Mənəvi Dəyərlərin Təbliği Fondunun illik fəaliyyət planı təsdiqlənib
  15 Yanvar 2020    Oxunub:3052
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2020-ci ilin fəaliyyət planı və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Fondun Himayəçilər Şurasının üzvləri - Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Sahibə Qafarova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavinləri Ceyhun Əliyev, Rəfi Qurbanov və Fondun əməkdaşları iştirak edib.

İclasda Fondun 2020-ci il üçün nəzərdə tutulmuş illik fəaliyyət planı, xərclər smetası və həyata keçirməyi nəzərdə tutduğu tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

İclasa sədrlik edən akademik Teymur Kərimli iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O, iclasda Fondun illik fəaliyyət planının, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin müraciətinin və Fondun xərclər smetasının layihəsinin müzakirə olunacağını qeyd edib.

İclasda Fondun icraçı direktoru Mehman İsmayılov məruzə ilə çıxış edərək qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Yekunda Fondun illik Fəaliyyət Planının dəstəklənməsi, mənəvi dəyərləri təbliğ edən şəxslərə maddi dəstəyin göstərilməsi və Fondun xərclər smetasının layihəsinin təsdiq edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Azvision.az



Teqlər: Plan  





Xəbər lenti