Metroda 20 Yanvar faciəsinin qurbanları anılacaq

Metroda 20 Yanvar faciəsinin qurbanları anılacaq
  16 Yanvar 2020    Oxunub:3822
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar faciəsinin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az -a verilən məlumata görə, yanvarın 17-də saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət foto-sərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək. Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək.

Sərgidə həmin dövrdə “20 Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı Ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək.

Bundan başqa, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də "Nərimanov" elektrik deposunda çalışır.

Xatırladaq ki, sərgi 4 gün davam edəcək.

Azvision.az


Teqlər: 20Yanvar   Şəhid  





Xəbər lenti