Komitə sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşdü

Komitə sədri “Qobu Park”da məcburi köçkünlərlə görüşdü
  16 Yanvar 2020    Oxunub:3073
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb.
Bu barədə Azvision.az -a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir və zəruri tədbirlər görür. Son iki ildə məcburi köçkünlər üçün 13 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan vətəndaşlara verilən vahid aylıq müavinətin məbləği ötən il 50 faiz artırılıb. Bakıda, Sumqayıtda və regionlarda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da həssaslıqla yanaşır, onlarla görüşlər keçirir, qaldırdıqları məsələlərin həlli ilə bağlı tapşırıqlar verir və icrasına nəzarət edir.



Dövlətimizin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü, ardıcıl tədbirlərə ölkəmizin özəl sektorunun da dəstək verdiyi qeyd olunub. Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan “Qobu Park-3” qəsəbəsində 1300 ailə məskunlaşacaq.



Dövlət Komitəsinin sədri məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraitinin və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Görüşdə qaldırılan bütün məsələlərə baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

Görüşdə iştirak edənlər dövlətimizin onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.



Azvision.az


Teqlər: Qaçqınkom   Sədr  





Xəbər lenti