ASAN Xidmət Gəncədə - FOTOLAR

ASAN Xidmət Gəncədə - FOTOLAR
  21 Dekabr 2013    Oxunub:2179
Bu gün Gəncədə “ASAN Xidmət” Mərkəzinin açılış mərasimi keçirilib.

AzVision.az-ın verdiyi məlumata görə, açılış mərasimində Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirak edib.

Məlumat üçün bildirək ki, Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Heydər Əliyev prospekti 87a ünvanında yerləşir. Mərkəzin inzibati binasının tikintisinə 2013-cü il mart ayından başlanıb və hal-hazırda istifadəyə hazırdır.

Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 6500 kvadrat metr sahə ayrılıb. Mərkəzin inzibati binasının sahəsi 4.000 kvadratmetr olmaqla 4 mərtəbədən ibarətdir. Bina müasir istilik, soyutma və havalandırma sistemi ilə təchiz edilib. Binanın qarşısında yerləşən park şəhər əhalisinin istirahəti üçün müasir formada təmir edilib. Parkda iki hovuz, müasir tipli işiqlandırma sistemi qurulub, uzunluğu 8 metr, hündürlüyü 4 metr olan led-panel quraşdırılıb. Paneldə ASAN xidmət mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və.s. informasiyalar daimi nümayiş etdiriləcək. Binanın birinci və ikinci mərtəbələrində funksional yardımçı xidmətlər (bank, sığorta, tərcümə mərkəzi, hüquqi yardım xidməti, tibb xidməti, kafe, uşaq əyləncə mərkəzi və.s) və vətəndaşların gözləmə zalı yerləşir.

Üçüncü və dördüncü mərtəbələrdə dövlət orqanlarının xidmət pəncərələri və ASAN xidmət mərkəzi işçilərinin inzibati otaqları yerləşir. İnzibati bina Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mülkiyyətindədir.

Qeyd edək ki, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı həmçinin Azərbaycanın digər 10 rayonun əhalisi yararlana biləcəklər.


Ümumilikdə Gəncə regional “ASAN xidmət” mərkəzi 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.

Regional mərkəzin xidmət göstərəcəyi əhatə dairəsi (min nəfərlə):

- Gəncə- 323.3
- Şəmkir- 206.9
- Gədəbəy- 96.1
- Daşkəsən- 29.9
- Göygöl- 59.9
- Goranboy- 98.1
- Samux- 55.7
- Naftalan- 9.3
- Kəlbəcər- 70.5
- Xocalı—14.0

Mərkəzdə tətbiq olunan müasir innovativ yeniliklər:

- rüsumlar, xidmətlər haqqında məlumatı və ərizə nümunələrinin doldurulmasını özündə əks etdirən Elektron Məlumat Mərkəzləri (Touch Screen) – 3 ədəd
- Elektron rəy sorğusu köşkləri (exit poll) – 2 ədəd
- Elektron şikayət köşkü (Skype) – 1 ədəd
- şəffaf monitor – 1 ədəd
- üçtərəfli görünüşə malik məlumat köşkü (mərkəzin içində) - 1 ədəd
- üçtərəfli görünüşə malik xarici təsirlərə davamlı məlumat köşkü (binanın fasadında yerləşdirilib) - 1 ədəd

Mərkəzdə işləyəcək işçilərin ümumi sayı 150 nəfərdir, onlardan 55 nəfəri könüllüdür.

Sevinc

Qalereya




Teqlər:  





Xəbər lenti