Kərimlinin son xəyanəti: İslamçıları niyə satdı?

   Kərimlinin son xəyanəti:    İslamçıları niyə satdı?
  21 Yanvar 2020    Oxunub:5717
İlin əvvəlində yaşanan ABŞ-İran gərginliyi, belə görünür ki, konfliktin tərəflərindən daha çox, Əli Kərimlinin radikal dəstəsinə ziyan vuracaq. Çünki konfliktin gərgin fazası ötsə də, həmin dövrdə Əli Kərimlidən umduqları reaksiyanı görə bilməyən siyasiləşmiş dindarların incikliyi mütləq onların mövqelərinə düzəlişlər etməsilə nəticələnəcək. Bunun bəzi əlamətləri indidən ortadadır.
Məsələ ondadır ki, son illərdə Əli Kərimlinin dəstəsilə ölkədəki siyasiləşmiş radikal şiə qrupunun arasında həmişə sıx əlaqə və işbirliyi olub. Onlar Mili Şuranın aksiyalarına qatılır, Kərimliyə dəstək verir, əvəzində Kərimli Nardaran faciəsinin iştirakçılarını “siyasi məhbus” elan edir, mitinqlərdə onların şəkilləri qaldırılırdı. Bu yaxınlıq siyasətin radikal küncündə duran Milli Şura ilə dindarların radikal şiə seqmenti arasında bir ənənəvi əməkdaşlıq formatına çevrilmişdi.

Digər tərəfdən, Kərimlini radikal şiələrlə yaxınlaşdıran təkcə onları öz mitinqlərində görmək arzusu deyildi. O, həmin qrupun maliyyə kanallarına da bağlanmaq istəyirdi və bunu müəyyən qədər bacarmışdı. Üzdə qərbyönülmü-liberal siyasətçi görüntüsü yaradan AXCP sədrinin alt qatdakı cibindən radikal dindarların pullarının cingiltisi eşidilirdi.

Belə bir vəziyyətdə, təbii ki, ölkədəki radikal şiə qruplaşması yanvarın əvvəlində yaşanan gərginlik (Azərbaycanda bu, özünü daha çox emosional sferada göstərdi) zamanı Kərimlidən aktiv dəstək gözləyirdi. Gözləməkdə də haqlı idi: Çünki əməkdaşlıq varsa, bu, qarşılıqlı olmalıdır – Radikal şiələr Kərimlinin aksiyalarına qatılır, lazım olanda başqa, o cümlədən də maddi dəstək verirlərsə, demək, onlar üçün vacib məqamlarda da Kərimli öz payına düşəni etməlidir.

Məsələn, radikal şiələr hesab edirdilər ki, ən azından geniş şəkildə təziyə saxladıqları şəxsin haqqında müsbət fikirlər bildirmək, onun xidmətlərini sadalamaq, qatilini pisləmək indiki məqamda Kərimlinin mənəvi və siyasi borcudur. Amma Kərimli tam əksini etdi - ABŞ-ın hərəkətinə bir növ haqq qazandırdı; həm də, bunu nə qədər ehtiyatla etməyə çalışsa belə, radikal şiələrin hisslərini qıcıqlandırmaqdan yayına bilmədi.

- ABŞ dünyanın ən böyük gücüdür və dünyanın hər yerində öz vətəndaşlarını və maraqlarını müdafiə edə bilir,- deyə Kərimli yazığı statusda və videoçıxışlarında bildirirdi,- İran böyük regional gücdür. Atdığı addımların, verdiyi qərarların məsuliyyətini bilməmiş deyil. İnanıram ki, hər iki dövlətin rəhbərliyi böyük savaşdan yayınmağa çalışacaq. Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz.

Maraqlıdır ki, həmin günlərdə Kərimli açıq şəkildə rəsmi Bakının mövqeyini təqdir etməklə, hətta az qala tərifləməklə məşğul idi: “...Hakimiyyətin Azərbaycanı regionda ola biləcək münaqişədən uzaq tutmaq xəttini doğru sayıram. Bu, iqtidarlı-müxalifətli cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir. Cəmiyyətimizdəki hazırkı dərin parçalanma bizim dövlət maraqlarımıza ziddir. Bu dərin parçalanma dövlətimizi həm daxili, həm də xarici təhlükələrə qarşı zəiflədir...”

Nə əcəb? Dəlidən doğru xəbər?! Bəs dindarları mitinqlərə çağırıb, hakimiyyətə qarşı kökləmək cəmiyyəti parçalamaq deyildi ki?

- Biz bəzi vətəndaşlarımızın hisslərini başa düşürük,- bunu Əli Kərimli Qənimət Zahidə müsahibəsində deyirdi,-Bəziləri deyir ki, İranın qətlə yetirilmiş generalı onların aləmində qəhrəmandır. Amma, mənim yanaşmam bundan ibarətdir ki, biz özxalqımızın ayrı-ayrı qruplarının simpatiya və antipatiyalarına biraz tolerant yanaşmalıyıq.

Vəssalam. Əli Kərimli radikal şiələrə açıq şəkildə deyirdi ki, məndən maksimum bunu görəcəksiniz: Sizin simpatiyanıza tolerant yanaşmaq. Daha artığını gözləməyin. Halbuki, onları gözləyirdilər və bu günə qədərki iş birliyini nəzərə alsaq, gözləməyə haqları da vardı...

Kərimlinin ətrafındakı satellit-fiqurlar isə daha kəskin mövqedə idilər. Məsələn, AXCP sədrinin Müsavatdakı “filialı” Tofiq Yaqublu yazmışdı ki, “...İran heç bir sahədə ABŞ-la rəqabət aparmaq gücündə deyil. Aralarındakı fərq ölçüyə gəlməzdir”.

Oxşar fikirlərə Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin statuslarında və çıxışlarında da asanlıqla rast gəlmək olar. İstəyənlər həmin günlərdə yazılıb-deyilənlərə nəzərə sala bilərlər. Əsas sual isə budur: Niyə? Axı radikal şiələr Kərimliyə yenə də lazım olacaqlar, bəs elə isə niyə onlar incik salındı?

Sualın cavabı konfliktin ikinci tərəfilə bağlıdır: söhbət başqa dövlətdən yox, məhz ABŞ-dan gedir! O ABŞ-dan ki, radikallar qrantdan tutmuş, təlimatlara qədər məhz oradan alırlar (Gültəkin Hacıbəylinin özünün həmin günlərdə yazdığı bir statusda ABŞ səfirliyi ilə əlaqələrini xatırlatması təsadüfi deyildi). Belə bir vəziyyətdə Kərimli radikal şiələri də, onların güvəndiyi mərkəzi də heç düşünmədən satardı və satdı da! ABŞ-ın səxavətli qrantları ilə “islam dollarları”arasında qalan təcrübəli siyasət alverçisi hansını seçərdi? Kərimli də məhz buna görə ondan daha isti münasibət, hərarətli çıxışlar və sərt mövqe gözləyən dinçiləri Sem dayısının ayağına verdi.

Əməkdaşlıq etdiyi, bir düşərgədə durduğu insanları satmaq Kərimli üçün yeni bir şey deyil. O, ümumiyyətlə, siyasətə bazar kimi baxır və sərfəli qiymətəhamını, hər şeyi sata bilər.

Amma islamçılar necə? Kərimlidən fərqli olaraq, onların siyasəti dini inancla möhkəmləndiyi üçün, adətən, mövqelərində daha prinsipial olurlar və vacib məqamda AXCP sədrinin onları satmasını bağışlamayacaqlar. Yəqin ki, Kərimlinin özü də buna tezliklə əmin olacaq. Çünki o, öz gedişi etdi, indi cavab gedişi növbəsi dindarlardadır.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Milli-Şura   Əli-Kərimli  





Xəbər lenti