Azərbaycanda koronavirus təhlükəsi varmı? - ÜST açıqladı (EKSKLÜZİV)

  Azərbaycanda koronavirus təhlükəsi varmı? -    ÜST açıqladı (EKSKLÜZİV)
  22 Yanvar 2020    Oxunub:9966
“Virus yeni aşkar olunduğundan hələ də bəzi simptomlar naməlumdur”
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi Azvision.az -ın suallarını cavablandırıb.

- Çində sətəlcəmin yeni növünə - koronavirusun yeni tipinə yoluxanların sayı artır və qonşu ölkələrdə də həmin virus müşahidə edilir. Azərbaycanda bununla bağlı vəziyyət necədir? Xəstələyin Azərbaycanda yayılma riski varmı? Nəzərə alsaq ki, Azərbaycana xarici ölkələrdən, o cümlədən Çindən çoxlu sayda turist gəlir.

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Tayland və Koreya Respublikasında müşahidə olunur. Azərbaycanda xəstəliyə yoluxma halı qeydə alınmayıb. Qrip mövsümündə olduğumuz üçün xəstəliyin digər ölkələrə yayılma ehtimalı böyükdür.

- Çində yeni virusdan artıq bir neçə ölüm faktı qeydə alınıb. Bununla əlaqədar ÜST-də təcili toplantı çağırılıb. Toplantıda hansı məsələlər müzakirə olunacaq?

- Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət yaradan hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanması üçün Fövqəladə Hallar üzrə Komitəni çağırıb. İclasda ÜST-nin baş direktoru Beynəlxalq Tibbi Sanitariya Qaydalarına əsasən, hadisənin ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət olub-olmamasını müəyyənləşdirmək üçün məsləhətləşmələr aparacaq. İclasdan əvvəl baş direktor xəstəlik müşahidə edilən ölkələrlə məsləhətləşmələr aparıb, onların təqdim etdiyi məlumatlara əsasən, xəstəliyin nə dərəcədə beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət yaradan hadisə olub-olmadığını nəzərdən keçirib.

İndiyə qədər komitə beş dəfə çağırılıb:

2009-cu il - H1N1
2014-cü il - Poliomielit epidemiyası
2014-cü il - Qərbi Afrikada Ebola virusu
2016-cı il - Zika virusu
2019-cu il - Konqo Demokratik Respublikasında Ebola virusu

- Virusun hava, damcı və ya insanlar vasitəsilə yayıldığı məlum olubmu? Bu virus dünyada insanlar üçün nə qədər təhlükəlidir?

- Xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud insandan insana ötürülə bilir. Cari məlumatlara əsasən, bu alovlanma virusun heyvandan insana ötürülməsi ilə baş verib. Lakin onu da qeyd etmək lazımdır ki, ət və yaxud balıq məhsulları bişdikdə onun tərkibindəki virus məhv olur. Çiy və az bişmiş ət məhsullarının, o cümlədən süd məhsullarının istehlakı insanda xəstəliyə səbəb olacaq müxtəlif orqanizmlərdən infeksiyaya yoluxma riskini yüksəldir.

Hazırki məlumatlara görə, virus ağır fəsadlarla yanaşı qripə bənzər, yüngül simptomlar da yarada bilər. Əvvəl özünü yüngül formada göstərən xəstəlik ağırlaşa, xroniki xəstəliyi olan insanlarda bəzi xəstəliklərə qarşı həssaslığı artıra bilər. Virus yeni aşkar olunduğundan hələ də bəzi simptomlar naməlumdur.

Xəstəliyin əsas səbəbi hələlik məlum olmadığından ÜST aşağıdakı ehtiyat tədbirlərini görməyi tövsiyə edir:

Əlləri sabunla yumaq;
Öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla, köynəyin qolu və yaxud maska ilə bağlamaq;
Qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq;
Hərarət, öskürək və təngənəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək;
Bazarda alış-veriş edərkən canlı heyvanlarla təmasdan çəkinmək;
Qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək;


Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Virus  





Xəbər lenti