Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib - FOTO

   Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib -    FOTO
  22 Yanvar 2020    Oxunub:3086
Yanvarın 22-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.



Müşavirədə xüsusi qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, mütəmadi olaraq Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

2019-cu ildə şəhər prokurorluğu orqanlarına 18610 müraciət daxil olmuş, həmin müraciətlərdən 4925-i həll edilib, o cümlədən 1662 müraciət təmin edilib. Qeyd edilən dövrdə 8048 vətəndaş qəbul olunub.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

Azvision.az



Teqlər: Prokurorluq   Müşavirə  





Xəbər lenti