“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı

 “26 il idi ki, qəbrini axtarırdıq” -   Kimliyi bilinən şəhidin qardaşı
  23 Yanvar 2020    Oxunub:8032
“Qardaşımın məzarını 26 ildən sonra internetdə yayılan şəkillərin əsasında tapdıq”.

Bunu Azvision.az -a İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Vəlyəddin Səhrab oğlu İbrahimovun qardaşı Sürəddin İbrahimov deyib.
Onun sözlərinə görə, şəhid Vəlyəddin İbrahimov ailəli olub: “Biz ailədə 5 qardaş, bir bacı olmuşuq. Əslən Yevlax rayonunun Aran qəsəbəsindənik. Qardaşım Vəlyəddin 1971-ci ildə anadan olub. Ali təhsili yox idi, orta məktəbi bitirmişdi. Müharibəyə gedəndə evli idi, bir qızı anadan olmuşdu .1993-cü ilin dekabrında 702 saylı briqdanın tərkibində döyüşə yollandı. Füzulinin Şükürbəyli kəndində vuruşurdular. 1994-cü ilin yanvar ayında onun ölüm xəbəri gəldi. 26 il idi ki, onun meyitini, qəbrini axtarırdıq. Ancaq tapa bilmirdik. Məsciddə qardaşımın cənazəsini yuyan zaman onun üzünün şəklini çəkmişdilər. Bu şəkil son günlər internetə yayılmışdı. Biz həmin şəkili görən kimi Vəlyəddini tanıdıq. İmişli rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, onlardan kömək istədik. DNK analizi edildi, qardaşımız olduğu təsdiqini tapdı”.

Xatırladaq ki, bir neçə gün əvvəl İmişli rayonunda yerləşən “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib. Onun Vəlyəddin Sehrab oğlu İbrahimov olduğu müəyyən edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yevlax   Şəhid  





Xəbər lenti