Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim olundu - FOTOLAR

  23 Yanvar 2020    Oxunub : 6903
 Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim olundu - FOTOLAR
23 yanvar 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Yol sənədləri təqdim olunub.
Azvision.az xəbər verir ki, DMX-da təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, qeyri-hökumət təşkilatlarının(QHT) təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX tərəfindən hazırlanan və Azərbaycan Res­pub­li­ka­sında qaçqın statusu almış şəxslərə, eləcə də onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hə­rə­kət etmək hüququ verəcək “Yol sənədi”nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. Bildirib ki, “Yol sənədi” Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir.



Xidmət rəisi qeyd edib ki, beynəlxalq tələb və stan­dartlara uyğun hazırlanan “Yol sənədi” 5 il müddətinə verilir: “Bu gündən etibarən qaçqınlar “Yol sənədi”ni əldə etməklə digər ölkələrə rahat səyahət edə biləcəklər. Qaçqın üçün sığınacaq aldığı ölkədən kənara çıxa bilməsi xüsusilə vacibdir. Bu onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqarsiya olmalarını təmin edəcək. Məsələn, təhsil, təlim və ya məşğulluq kimi fürsətlərdən istifadə etmək üçün bu cür səyahətlər onun problemlərinin davamlı həllində vacib şərt ola bilər”.

Vüsal Hüseynov söyləyib ki, ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbinin bugündən “Yol sənədi” ilə təmin olunması prosesinə başlanılır.



Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ((BMT QAK)) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək qaçqınların inteqrasiyasının önəmini diqqətə çatdırıb, Azərbaycan dövlətinin verəcəyi yol sənədinin qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacağını və bu yeniliyin tətbiqi ilə bundan sonra onların xarici ölkələrə asan gedə biləcəklərini söyləyiblər.

Sonra Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim edilib.

Tədbirin sonunda Azərbaycan Republikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.









Azvision.az

Teqlər: Miqrasiya-Xidməti   DMX   Yol-Sənədi   Vüsal-Hüseynov