AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub

AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
  23 Yanvar 2020    Oxunub:2908
Milli Məclis Sədrinin müavini Bahar Muradova fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün ölkəmizdə ikigünlük səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı vəziyyət müzakirə edilib.

Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan məruzəçi Stefan Şennak ölkəmizin quruma üzvlüyünün 19 ilinin tamam olduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, müstəqil, demokratik ölkə olan Azərbaycanda seçkilər ədalət prinsipləri əsasında keçiriləcək.

Milli Məclisin Sədr müavini nümayəndə heyətinə Azərbaycandakı yeniliklər, tərəqqi barədə məlumat verib. Bildirib ki, islahatlar yolunu tutan Azərbaycanda keçiriləcək parlament seçkiləri bu prosesin bir hissəsidir.

Azərbaycan cəmiyyətində qadınların rolundan danışan Bahar Muradova Milli Məclisdə, idarəetmədə onların saylarının artmasının əhəmiyyətini vurğulayıb. B.Muradova seçicilər tərəfindən daha çox gənclərə üstünlük veriləcəyinə inandığını bildirib.

Görüşdə Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Heyners, Avropa Liberallar və Demokratlar Alyansının təmsilçisi Alfred Heer, eləcə də Milli Məclisin deputatları Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edirdilər.

Xatırladaq ki, AŞPA-nın geniş nümayəndə heyəti seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.

Azvision.az


Teqlər: AŞPA   Milli-Məclis  





Xəbər lenti