“Hər bir vətəndaş sudan qənaətlə istifadə etməlidir” - ETSN rəsmisi

 “Hər bir vətəndaş sudan qənaətlə istifadə etməlidir” -  ETSN rəsmisi
  24 Yanvar 2020    Oxunub:4895
Hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə çirkli halda çaylara və dənizə axıdılır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə görə, bu amillər nazirliyi narahat edir.

"Narahatedici məqam odur ki, üstəlik təbii su mənbələrimiz çirkləndirilir, ekosistemə mənfi təsirlər göstərilir. Yəni tullantı suları məişətdə, sənayedə və digər xidmət sahələrində yaranır. Bu da bilavasitə çirklənməyə səbəb olan amillərdir. Tullantı sularının təmizləyici qurğularda tam təmizlənməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır. Əsas məqsəd odur ki, həmin sular təmizlənsin, təmizləndikdən sonra təkrar istifadə edilsin. Bu sulardan yaşıllıqların suvarılmasında və digər məqsədlərlə istifadə etmək mümkündür. Odur ki, sudan səmərəli və təkrar istifadə məsələləri daha geniş təbliğ edilməlidir".

M.Abdülhəsənov qeyd edib ki, qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmür. "Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. Azərbaycanda da araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir. Son zamanlar inşa edilmiş Taxtakörpü, Tovuzçay, Şəmkirçay su anbarları iqlim dəyişmələrindən yarananan fəsadların yumşaldılmasına yönəlib. Yağıntının olmaması səbəbindən Kür çayında son zamanlar suyun azalması qeydə alınır. Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir".

ETSN rəsmisinin sözlərinə görə, şirin su ehtiyatlarını qorumaq, səmərəli və qənaətlə istifadə etmək lazımdır. "Hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə və təkrar istifadə olunmalıdır. Bir çox amillər var ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusən əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir, qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir. Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Su  





Xəbər lenti