“Hamı mənə maestro kimi baxır, nə desəm qanundur” - Aftandil İsrafilov

“Hamı mənə maestro kimi baxır, nə desəm qanundur” -  Aftandil İsrafilov
  24 Yanvar 2020    Oxunub:6382
“Şəhərdə bəzi nazirlərin arxasınca danışırlar”

Bu gün Xalq artisti Aftandil İsrafilovun doğum günüdür. 79 yaşını qeyd edən qarmon ifaçısı ad günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
- Yaşın üstünə yaş gəldikcə, bəzən insanlar kompleks edirlər, yaşlarını gizlədirlər. Sizcə, insanın öz yaşını gizlətməsi düzgündürmü?

- Əgər söhbət əsl kişidən gedirsə, onun kişiliyi yaşını gizlətməməyindədir.

- 79-dan geriyə boylanırsınızmı? Keçmiş günləri hesaba çəkib xatirələrə dalırsınızmı?

- Xatirələr məndə o qədərdir ki, 5 kitab yazsam, yenə də bitməz. 4 yaşımdan musiqi ilə məşğulam. Nə müəllimim olub, nə də kimdənsə dərs almışam.Öz xəttimlə, öz üsulumla bu sənətə yiyələnmişəm. Sənətimi elə sevirəm ki, onsuz mənim həyatım yoxdur. Azərbaycanı təmsil edərək 5 dəfə Amerikada, 2 dəfə Yaponiyada, dəfələrlə Tükiyədə, İranda olmuşam.Azərbaycanın, Dağıstanın Xalq artistiyəm. İranın böyük ustadı adına layiq görülmüşəm. Heydər Əliyevin fərdi təqaüdçüsüyəm. Bütün bunlar mənim üçün bir xatirə, bir hesabdır.

- Doğum günündə özünüzə nə arzu edərdiniz?

- Dedim ki, Allah sənə çox şükür. Şükürlər olsun ki, bu günləri görmək bizə nəsib oldu.

- Yəqin ki, çox adamdan təbriklər aldınız. Sizin ürəyinizə yatan, ən çox xoşunuza gələn nə oldu?

- Bir az bundan qabaq Mədəniyyət naziri Əbülfəs Qarayev zəng edib məni təbrik etdi. Allah ona can sağlığı versin. Şəhərdə bəzi nazirlərin arxasınca danışırlar. Amma indiyə qədər kimlərlə oturmuşam, bir dəfə də olsun, Əbülfəs müəllimin haqqında tərifdən başqa heç nə eşitməmişəm.

- Nəvələriniz varmı? Sizi necə təbrik etdilər?

- İki nəvəm var. Mənim üçün o qədər əzizdirlər ki. Çox bilikli uşaqlardılar. Hər dəfə bizə gələndə nəvələrimdən birinə pul verirəm. O, yığır, evdəkilərə deyir ki, buna əl vurmayın, babam verib.

- İfa etdiyiniz hansı musiqi ilə özünüzü təbrik etmək istərdiniz?

-“Kəmalə”, “Zenfira”, “Aynurə”, “Nazilə”,”Jalə” - hamısı qızıl hərflərlə yazılmış mahnılardır. Indi öznünüz seçin.

- 79 yaşın kürəyini yerə vurmaq, illərin öhdəsindən gəlmək çətin olmadı ki?

-Yox. Mən heç vaxt çətin sözünü işlətmirəm.

- Ömrünüzün bu çağında sizi ən çox nə xoşbəxt edir?

- Ailəmin başındayam, narahatlığımız yoxdur. Musiqi aləmində mənə hamı maestro kimi baxır, nə desəm qanundur. Sağ olsunlar, mənimlə maraqlanırlar, axtarırlar.

- Saysız-hesabsız toy məclislərini idarə etmisiniz. İndiyədək unuda bilmədiyiniz hadisələr olubmu?

-Deyir, köhlən at özünə qamçı vurdurmaz. Məclisləri elə idarə etmişik ki, orada şuluqluq olmayıb. İnsanlara yalnız sevinc, fərəh vermişik. Bir dəfə toyda bir nəfər qulağıma dedi ki, Aftandil müəllim mənim üçün “Aşqabad”ı çalın. Hansı mahnını dediyini anlamadım. Bir neçə musiqi ifa etdim, razılaşmadı. Yarım saatdan sonra yenə gəldi. Əlacım kəsildi, dedim, qardaş, mən hansı mahnını istədiyini tapa bilmirəm. Sən melodiyanı zümzümə et, ritmindən hansı olduğunu başa düşüm. Oxumağa başladı :“Aşqabadın yerlə gedir, de, görüm neyləmişəm?”. Sən demə bu qaşqabaq sözünü Aşqabad kimi başa düşürmüş. Xeyli güldük. Bundan maraqlı əhvalat ola bilməzdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aftandilİsrafilov  





Xəbər lenti