“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirib

“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirib
  24 Yanvar 2020    Oxunub:2478
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda sakinlərlə görüşüb.
Azvision.az -ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərov və Cahid Hüseynov isə Xızı və Siyəzən rayonlarında sakinlərin problemlərini dinləyiblər.

Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Xaçmaz rayonunda qazlaşma səviyyəsi 93,8%, Siyəzən rayonunda 94,1%, Xızı rayonunda isə 95,7% təşkil edir.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti