Cəbhədə Həzi Aslanovun xatirəsi yad edilib - VİDEO

Cəbhədə Həzi Aslanovun xatirəsi yad edilib -    VİDEO
  25 Yanvar 2020    Oxunub:2100
Beyləqan rayonunun İkinci Şahsevən kəndində, “Həzi Aslanov Xatirə bağı”nda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəhrəmanın xatirəsi ehtiramla yad edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi orkestrin ifa etdiyi “Rekviyem”in sədaları altında hərbi qulluqçular, veteranlar, ictimaiyyət nümayəndələri, gənclər, Həzi Aslanovun və şəhidlərin ailə üzvləri ölməz generalın abidəsi və şəhidlərin xatirə lövhəsi önünə qızılgüllər, qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin, Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsi illərində faşizmə qarşı müharibədə həlak olan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılan Təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq nəzərə çatdırıb ki, artıq respublikamızda Müdafiə nazirinin təsdiq etdiyi Tədbirlər planına əsasən Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə silsilə tədbirlər keçirilməkdədir. Tədbirlər ilboyu davam etdiriləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamının əhəmiyyətindən danışan A.Qurbani nəzərə çatdırıb ki, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun şəxsi heyətinin, eləcə də gənc nəslin ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi qarşımızda duran əsas vəzifələrdəndir və bu iş dövlətimizin başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Məhz Prezidentin növbəti Sərəncamı da mühüm əhəmiyyət kəsb edir, xalqımız və Vətən müdafiəçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

General-mayor Mayis Bərxudarov cəbhəyanı bölgələrdə də “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyini bildirib. Bir neçə gün öncə Horadiz qəsəbəsində təşkil olunan tədbirdə ön səngərlərdən gələn döyüşçülərlə yerli əhalinin unudulmaz sərkərdənin doğum gününü birlikdə qeyd etməsini ordu ilə xalqın sağlam mənəvi birliyinin təcəssümü kimi qiymətləndirib.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsinin veteranı Eyvaz Hüseynov, Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov və şəhid atası Ələkbər Hüseynov hərbçilərin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də yubiley tədbirlərini yüksək səviyyədə təşkil etdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi hissənin komandanlığına Aslanovlar ailəsinin minnətdarlığını çatdırıb.

Füzuli Dövlət Dram Teatrının aktyoru Qaçaq Qarayevin general Həzi Aslanovun qiyafəsində gəlişi, şəhid analarına və Lələtəpə fatehlərinə - igid tankçılara müraciəti tədbir iştirakçılarında qürurlu anlar yaşadıb: - “Şəhid anaları, başınızı dik tutun! Mənim anam da müharibədə iki oğul qurban verib. Mənim anam “Vətən sağ olsun!” deyərək ömrünün sonuna qədər el içində başıuca dolanıb. Övladları ilə fəxr edib. Anam inanırdı ki, gələcək nəsillər onun övladlarının da xatirəsini həmişə əziz tutacaq, qəhrəmanlıqlarını unutmayacaqlar. Azərbaycan Ordusunun mətin döyüşçüləri, Aprel döyüşlərinin qəhrəmanları, tankçı dostlarım, uğurlarınızdan mənim ruhum da şad olub. Mən Vətəndən uzaqlarda, Rusiya, Ukrayna, Belarusiya və Pribaltikada döyüşlərdə Azərbaycan oğlunun hansı mənəvi və iradi keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərdim. İndi növbə sizindir. Torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olun! Xalqımızı yeni qələbə müjdələri ilə sevindirəcəyinizə inanıram. Qarabağ sizi gözləyir, Vətən əsgəri! Növbə sizindir, uğur olsun, dostlar!”

Döyüşlərdə və Azərbaycan Ordusu şəxsi heyətinin vətənpərvərlik tərbiyəsi işində fərqlənən bir qrup hərbi qulluqçu və mülki şəxsə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “Həzi Aslanov” yubiley medalı, H.Aslanovun həyat və qəhrəmanlıq yolunu əks etdirən kitablar, bədii və sənədli filmlərin disklər dəsti albomu təqdim edilib. İkinci Şahsevən kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Qəhrəmanlar ölmürlər” adlı ədəbi kompozisiya təqdim edilib, “Şəhidlər bulağı”nın açılışı olub və ətrafına həmişəyaşıl ağac tingləri əkilib.

Sonra tədbir iştirakçıları Aprel döyüşləri zamanı Lələtəpə uğrunda döyüşlərdə şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Hüseynovun ailəsinə baş çəkib, Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edərək, büstü qarşısına güllər düzüblər.

Şəhid Ayaz Hüseynovun atası, müharibə iştirakçısı Ələkbər Hüseynov minnətdarlıqla deyib: “Azərbaycan öz müstəqilliyini bərpa edənədək kəndimizdəki kollektiv təsərrüfat Həzi Aslanovun adını daşıyırdı. Bu bağ da o vaxtlar salınıb, kənd əməkçilərinin vəsaiti hesabına abidə ucaldılıb və bura vətənpərvərlik tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu bağ cəbhəyanı bölgənin keşiyində mərdliklə duran hərbi hissə komandirlərinin, əsgər və zabitlərin böyük zəhməti sayəsində yenidən qurulub. Bu təşəbbüs isə oğlum Ayazın Aprel döyüşləri zamanı şəhidliyindən sonra qaldırıldı. Dəfn mərasimində iştirak edən Müdafiə Naziriyinin rəsmiləri, hərbi hissənin komandiri söz verdilər ki, burada yenidən quruculuq-abadlıq işləri aparılacaq, Həzi Aslanovun və şəhidlərimizin adına layiq yeni bir mənzərənin şahidi olacaqsınız. Mən bu gözəl məkanı yenidən bizə bəxş etdiyinə görə zəhməti olan hər kəsə kəndimizin əhalisi, xüsusilə də şəhid ailələri, müharibə veteranları adından dərin minnətdarlığımı bildirirəm”.

Həmin gün cəbhəyanı bölgənin bütün hərbi hissələrində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anım tədbirləri keçirilib.




Azvision.az



Teqlər: MN  





Xəbər lenti