Məktəblərdə şagird sıxlığı problemi həll olunacaq

Məktəblərdə şagird sıxlığı problemi həll olunacaq
  27 Yanvar 2020    Oxunub:3586
Bir sıra məktəblərdə şagird sıxlığının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, problemin həlli ilə bağlı işlər görülür.

"Ölkəmizdə 4500-ə yaxın məktəb var. Məktəblərin 50 faizində şagird sayı 200 nəfər və ya aşağıdır. Ölkədə müsbət demoqrafik artım müşahidə edilir. Təhsil sistemində oxuyan şagirdlərin sayı ötən illərdə 50 min nəfər artıb. Əhali artımı ölkənin bütün ərazilərində eyni templə baş vermir və bəzi yerlərdə sürətlə gedir. O cümlədən daxili miqrasiya da olur. Buna görə bir sıra yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Bu məsələ diqqət mərkəzindədir. Bu istiqamətdə işlərin gücləndirilməsi ilə bağlı Prezidentin xüsusi tapşırığı var".

C.Bayramov qeyd edib ki, yalnız Təhsil Nazirliyi deyil, bir sıra dövlət qurumları da işə cəlb olunub: "2019-cu ildə Baş Nazir tərəfindən bir neçə iclas keçirilib və bu məsələlər müzakirə olunub. İlkin olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu, kənd Binəqədi yaşayış yeri, Binəqədi rayonu Sulutəpə yaşayış yeri, Abşeron rayonu Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələri ilə bağlı tapşırıqlar icra olunmaqdadır. Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək".

Təhsil naziri qeyd edib ki, cari ildə bu istiqamətdə bir sıra layihələr baş tutacaq. "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpusu növbəti tədris ilində hazır olacaq. Sumqayıt şəhərində 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Şagird   Təhsil-Nazirliyi  





Xəbər lenti