Məleykə Abbaszadədən gənclərə müraciət - VİDEO

  27 Yanvar 2020    Oxunub : 2932
Məleykə Abbaszadədən gənclərə müraciət - VİDEO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-dək davam edəcək.
Azvision.az xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb.



Dəvətdə qeyd edilir ki, “Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır. Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz “hər kəs” deyirik. Çünki “Yüksəliş” müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərədək hamıya yüksəlmək şansı verir. Mən xüsusilə bizim qızlara, gənc qadınlara müraciət edirəm. “Yüksəliş”də iştirak edin.

“Dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində də sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışanlar və öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyanlar da müsabiqəyə qoşula bilərlər. Bir sözlə, “Yüksəliş” daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub”, - M.Abbaszadə bildirib.

Onun sözlərinə görə, “Yüksəliş” karyeranın qurulması yolunda nadir imkan deməkdir. DİM sədri bildirib: “Bu imkanı buraxmayın, ondan istifadə edin. Müsabiqənin hər mərhələsi karyeranızın inkişafı üçün yeni imkanlar yaradacaq. “Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüş, finalçılara şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq”.

Yüksəlmək istəyən hər kəs, bu müsabiqə sizin üçündür!

“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!

Azvision.az

Teqlər: DİM   Sədr   Yüksəliş