Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTOLAR
Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev Kiş kəndində aparılan təmir-bərpa işlərindən danışaraq kəndin daha böyük turizm potensialına malik olduğunu və bunun üçün Şəki turizm idarəsi və Dövlət turizm agentliyi tərəfindən müvafiq layihə hazırlıq işlərinin aparıldığını bildirdi. Kiş kəndinin məktəblərində təhsil prosesinin yüksək səviyyədə həyata keçirildiyini və nəticədə hər il rekord sayda abituriyentlərin ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunduğunu bildirən deputatlığa namizəd Kiş müəllimlərinə xüsusi minnətdarlığını bildirdi. Görüşdə iştirak edən seçicilər keçən iki çağırış müddətində Cavanşir Feyziyevin fəaliyyətindən razı qaldıqlarını və yenidən onları Milli Məclisdə təmsil etmək üçün parlament seçkilərində məhz ona səs verəcəklərini bildirdilər. 3 saat ərzində qarşılıqlı etimad və səmimiyyət şəraitində keçən görüş seçicilərin böyük ruh yüksəkliyi və alqış sədaları ilə başa çatdı.
Seçicilərlə növbəti görüş günün ikinci yarısında Şəkinin Qışlaq məhəlləsində baş tutdu. Böyük həvəslə görüşə qatılmış Şəki sakinləri öz millət vəkillərini hərarətli alqışlarla salamladılar. Çıxış edənlər keçən dövr ərzində Cavanşir Feyziyevin millət vəkili kimi fəaliyyətindən razı qaldıqlarını və ona yenidən etimad göstərəcəklərini bildirdilər.
Deputatlığa namizəd Cavanşir Feyziyev ölkəmizdə aparılan quruculuq işlərindən, ardıcıl olaraq həyata keçirilən islahatlardan və eləcə də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsindən danışdı. Görüşün sonunda seçicilərin suallarını cavablandıran Cavanşir Feyziyev onun fəaliyyətinə verdikləri yüksək qiymətə görə Qışlaq sakinlərinə minnətdarlığını bildirdi, növbəti dəfə Milli Məclisə üzv seçiləcəyi halda onların etimadını doğrultmağa çalışacağını vəd etdi.
Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri 115 saylı seçki dairəsinin digər yaşayış məntəqələrində də davam etdiriləcək.
Azvision.az
Teqlər: Şəki Namizəd CavanşirFeyziyev