Xalq artisti ABADçıların sırasına qoşuldu

Xalq artisti ABADçıların sırasına qoşuldu
  29 Yanvar 2020    Oxunub:2862
Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni ABADçı və onun hazırladığı qida məhsulunu təqdim edib.
Azvision.az -ın məlumatına görə, "ABAD" publik hüquqi şəxsin şöbə müdiri Turanə Qasımova bildirib ki, bu dəfə ABADçılar sırasına Xalq artisti, tanınmış müğənni Tünzalə Ağayeva qoşulub. O, “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal etməyə başlayıb.

T.Ağayeva www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən Xalq artisti ABADçı adını qazanaraq öz məhsulunu ABADın dəstəyi ilə istehsal edir.

Xalq artisti qeyd edib ki, “ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur.

"Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu Fairmont Baku, Flame Towers və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz".

“Sevmeli by Tunzale” məhsulları 29 manata istehlakçılara təklif ediləcək və saxlama müddəti 3 aydır.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABAD   Tünzalə-Ağayeva  





Xəbər lenti