Dövlət Agentliyinin sədr müavini Nepala səfər edib - FOTOLAR
Səfər çərçivəsində Nepalın xarici işləri naziri, əmək, məşğulluq və sosial müdafiə naziri, immiqrasiya idarəsinin rəhbəri, eləcə də digər qurumların yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə ölkələr arasında olan işgüzar münasibətlər, eləcə də Nepalın müvafiq sahələrdə gördüyü səylərə daha da dəstək verilməsinə Azərbaycan tərəfinin hazırlığı qeyd olunub.
Həmçinin dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.
Nepal hökumətinin göstərdiyi fəaliyyətə “ASAN xidmət”in qabaqcıl təcrübəsi vasitəsi ilə xidmətlərin elektronlaşdırılması, inteqrasiya edilməsi, elektron hökumət alətlərinin tətbiqi sahəsində Azərbaycan tərəfindən dəstək verilməsi ilə əlaqədər əməkdaşlığın perspektivlərinin böyük potensialı vurğulanıb. Nepal tərəfi turizm potensialının daha da inkişafı üçün “ASAN Viza” təcrübəsinin tətbiqində də marağını ifadə edib. Yüksək qonaqpərvərliklə keçirilən görüşlərdə Azərbaycan tərəfinin bu marağı yüksək qiymətləndirilib və mövcud potensialdan istifadə edilməsi, münasibətlərin daha da dərinləşdirilməsi arzusu ifadə olunub.
Eləcə də keçən il Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində Nepalın Baş Nazirinin ölkəmizə səfəri və xarici işlər nazirinin bu vəzifədə ilk dəfə olaraq məhz Azərbaycana səfər etməsi böyük məmnuniyyət hissi ilə qeyd edilib, bu əməkdaşlıqdan məmnunluq və gələcəkdə onun konkret nəticələrinə böyük ümid vurğulanıb.
Dövlət Agentliyinin sədr müavini Nepal kütləvi informasiya vasitələrinə, o cümlədən ölkənin tanınmış və böyük oxucu kütləsinə sahib olan “New Business Age” mətbuat dərgisinə geniş müsahibə verib. Müsahibədə ikitərəfli münasibətlərin inkişafından, onun gələcək perspektivlərindən, Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinin Nepalda tətbiqindən və qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə konkret layihələr əsasında həyata keçirilməsindən bəhs olunub.
Azvision.az
Teqlər: ASAN-Xidmət