BNA-dan cavab: Ədalət Şükürov 11 dəfə qaydaları pozub

  30 Yanvar 2020    Oxunub : 3492
BNA-dan cavab: Ədalət Şükürov 11 dəfə qaydaları pozub
Bakı Nəqliyyat Agentliyi (BNA) müğənni Ədalət Şükürovun avtomobilinin cərimələnməsi ilə bağlı şikayətinə aydınlıq gətirib.

BNA-dan Azvision.az -a bildirilib ki, Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyi ilə bağlı müəyyən subyektiv fikirlər söyləyib və qurumu fəaliyyətsizlikdə günahlandırıb:
"Lakin qanunvericiliyə uyğun olaraq, Agentliyin öz vəzifələrini icra etməsinin təsdiqi kimi sadəcə hörmətli əməkdar artistinin şəxsi avtomobili ilə törətdiyi və əməkdaşlarımız tərəfindən qeydə alınan bir neçə qayda pozuntusunu göstərmək istərdim. Belə ki, son bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 Dövlət Qeydiyyat Nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır.

Bakı Nəqliyyat Agentliyi hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydayaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bunu etməkdə əsas məqsəd isə bir daha vurğulayıram ki, paytaxtın küçə və prospektlərində fasiləsiz, təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyini təmin etməkdir.

Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.

Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və “Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm", - deyə BNA-nın yaydığı məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: BNA   Ədalət-Şükürov