2020-ci ilin ilk ayında itirdiyimiz tanınmışlar - FOTOLAR

2020-ci ilin ilk ayında itirdiyimiz tanınmışlar -  FOTOLAR
  31 Yanvar 2020    Oxunub:8195
2020-ci ilin yanvar ayı başa çatır. İlin ilk ayı bir çox hadisələrlə yadda qaldı. Həmçinin, yeni ilin birinci ayını itkilərlə də geridə qoyuruq. Belə ki, yanvar ayında Azərbaycanda bir neçə tanınmış şəxs dünyasını dəyişib.
Azvision.az-ın məlumatına görə, yanvarın 2-də Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədov vəfat edib. 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.



Həmin gün Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Vitali Sapronov 62 yaşında dünyasını dəyişib. V.Sapronov Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı olub.



Ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib. B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Akademik elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, “Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və “Şöhrət” ordeninə layiq görülüb.



Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev 84 yaşında vəfat edib. V.Əliyev 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.



Yanvarın 19-da azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) Türkiyədə xərçəng xəstəliyindən dünyasını dəyişib. A.Təhməzova qan xərçəngindən əziyyət çəkib. 1973-cü ildə anadan olan Aynur Təhməzova Azərbaycanın bir sıra mətbuat orqanlarında fəaliyyət göstərib.



Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva yanvarın 20-də ömrünün 89-cu ilində vəfat edib. Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. 1987-ci ildə Azərinformda (indiki AzərTac) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.



Yanvarın 26-da Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib. O, 82 yaşında İsveçrədə dünyasını dəyişib və orada dəfn olunub. T.Qasımov 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yanvar   İtki  





Xəbər lenti