Lost in Translation: Erkin Qədirlinin Rəsulzadə haqda qəliz cümləsi nə deməkdir?

  31 Yanvar 2020    Oxunub : 13499
 Lost in Translation: Erkin Qədirlinin Rəsulzadə haqda qəliz cümləsi nə deməkdir?
Ötən il Real partiyasının funksionerlərindən olan Erkin Qədirlinin yazdığı bir cümlənin nə demək olduğu hələ də sosial şəbəkədə müzakirə edilir. O, Məmməd Əmin Rəsulzadədən bəhs edən statusunda qeyd etmişdi ki, "Rəsulzadə, eliminativizmin tələsinə düşməyən ontoloji subyektivliyin epistemoloji obyektivlik öhdəliyini yaratmağın örnəyidir".
Bu, nə deməkdir? Gəlin, aydınlaşdırmağa çalışaq.

Eliminativizm müasir Qərb fəlsəfəsində bir cərəyandır. Adı ingiliscə “elimination” (parçalamaq, kənarlaşdırmaq, istisna etmək, ləğv etmək) kəlməsindən yaranıb. Eliminativizm deyir ki, şüurdakı proseslərdən danışarkən varlığına inandığımız bəzi mücərrəd şeylər əslində yoxdurlar. Və müasir dövrdə onları neyrofizioloji (yəni real olan bioloji) anlayışlarla əvəzləmək lazımdır. Məsələn, tipik örnək kimi ruhu göstərmək olar. Beyində ruhun olduğu hansısa bir mərkəz, neyron qrupu varmı? Yox. Deməli, bu anlayışdan vaz keçməli, “ruhi” saydığımız şeyləri (məsələn, şeir yazmaq kimi) beyindəki bioloji proseslərlə izah etməliyik.
Və yaxud, sevgi əgər beyində gedən biokimyəvi reaksiyaların nəticəsidirsə, onu mücərrəd bir şüur hadisəsi kimi yox, elə biokimya kimi də qəbul etməliyik.
Göründüyü kimi, bu, sırf və qatı materialist mövqeyidir.

“Eliminativizmin tələsinə düşməyən” sözü ilə Erkin müəllim yəqin, “maddi anlayışlar səviyyəsinə endirilməyən”, “mənəviliyini, ruhi məzmununu qoruyub saxlayan” demək istəyib.

Keçək o biri terminə.

Ontologiya (“antalogiya” ilə qarışdırmayın) – sadə dillə desək, varlığın fəlsəfəsidir. Fəlsəfənin varlığın mahiyyətini araşdıran, “varlıq nədir” sualına cavab verən bölməsidir. Sokratın dövründən bu sahədə müzakirələr və mübahisələr davam edir. Allahın varlığını fəlsəfi yolla isbatlamağa çalışan teoloqların ən sevimli oyun meydançasıdır. Məsələn, ontologiyaya əsaslanan ilahiyyatçılar Allahın varlığını belə isbatlamağa çalışırlar: Allah - ən mükəmməl varlıqdır. Ən mükəmməl varlıq isə ancaq təsəvvürdə ola bilməz. Yəni biz əgər Ən Mükəmməl Varlığı təsəvvür edə biliriksə, demək, o, realda da var, çünki ancaq xəyalda düşünülən varlığın nəyi “Ən Mükəmməl” olardı ki? Dolayısı ilə, biz əgər Ən Mükəmməl Varlıq haqqında düşünürksə, deməli, o, mütləq mövcud da olmalıdır. Göründüyü kimi, söz oyunundan və məntiqi fokuslardan başqa bir şey deyil.

Ontologiyanın qarşı tərəfində epistiemiologiya dayanıb. Epistemiologiya bizim dünyanı, varlığı necə öyrənməyimizi, necə dərk etməyimizi, yəni idrak prosesini araşdırır. “Həqiqət nədir və necə dərk olunur” onun əsas sualı sayıla bilər. Məsələn, əvvəlki misalda Allahın varlığı haqqında fikir yürüdən ontologiya tərəfdarına bir epistemiologiya tərəfdarı belə etiraz edə bilərdi: “Bütün bu isbat prosesi sənin şüurunda gedir. Sənin şüurundan kənarda necə, Allahın varlığına dair hansısa bir obyektiv (sənin düşüncəndən asılı olmayan) dəlil, fakt varmı?! Əgər yoxdursa, sənin bu məntiq oyunun boş söz yığınından savayı heç nə deyil”.
Əgər ontologiya subyektivdirsə, epistemiologiya obyektiv sayıla bilər.

İndi isə ifadəyə bütöv baxaq: “eliminativizmin tələsinə düşməyən ontoloji subyektivlik” – bu söz yığını yəqin, prosesləri dəyərləndirərkən təkcə maddi-praqmatik anlayışlardan yox, həm də mənəvi-ruhi meyarlardan, özünün inandığın dəyərlərdən çıxış etməyi nəzərdə tutur. Hər halda, mən başqa anlam verməkdə çətinlik çəkirəm.
Daha sonra isə Erkin Qədirli deyir ki, həmin bu yanaşma eyni zamanda, “epistemioloji obyektivlik örnəyi yaratmalıdır”, yəni, sənin şəxsi dəyərlərinin, mənəvi meyarlarının praktik izahı, praqmatik əsası da olmalıdır (Mən belə anlayıram).

Belədə, həmin qəliz cümləni normal Azərbaycan dilinə təxminən bu cür tərcümə etmək olar: Rəsulzadə siyasətin mənəvi-ruhi ölçülərini, özünün şəxsi dəyərlərini qoruyub saxlamaqla yanaşı, eyni zamanda, onun praktik tətbiqini də həyata keçirməyə aid bir nümunədir.

(Müqayisə edin: "Rəsulzadə, eliminativizmin tələsinə düşməyən ontoloji subyektivliyin epistemoloji obyektivlik öhdəliyini yaratmağın örnəyidir").


Erkin müəllimin demək istədiyi fikir doğrudanmı bu olubmu, ya yox – qəti əmin deyiləm. Amma ona əminəm ki, dünyada istənilən, ən mürəkkəb elmi fikri belə, sadə anlayışlarla çatdırmaq mümkündür. Bu gün kvant fizikasının, astrofizikanın qəliz, mürəkkəb nəzəriyyələri uşağın da anlayacağı qədər sadə dildə təsvir edilə bilirsə, sözsüz ki, Rəsulzadənin siyasətə yanaşmasını da hər kəsin başa düşəcəyi tərzdə tanıtmaq mümkündür.

Ümid etmək qalır ki, Erkin müəllim seçicilərilə də bu didə danışmır.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Erkin-Qədirli   Rəsulzadə