Avropa Məhkəməsi girovların işinə nə vaxt baxacaq? - Açıqlama

Avropa Məhkəməsi girovların işinə nə vaxt baxacaq? -  Açıqlama
  31 Yanvar 2020    Oxunub:2554
Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən aparılan yazışma (kommunikasiya) yekunlaşmaq üzrədir. Yaxın vaxtda məsələyə baxılması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzərTAc-a açıqlamasında deyib.

A.Bağırov bildirib ki, bütün tərəflər - həm Azərbaycan hökuməti, həm də girovları qanunsuz saxlayan Ermənistan hökuməti müvafiq rəyləri məhkəməyə təqdim etmək üzrədirlər. Beləliklə, bu məsələnin baxılıb həll olunması üçün hər hansı əngəl qalmayıb.

"Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən müraciətlə bağlı lazımi prosedurlar mütəmadi qaydada davam etdirilir. Hesab edirik ki, qısa zamanda bu məsələyə baxılacaq və bu ədalətsizliyə, qanunsuzluğa, qeyri-insani rəftara, işgəncələrə, qanun və beynəlxalq hüquq normalarının pozuntusuna son qoyulacaq".

Xatırladaq ki, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan “Dağlıq Qarabağ respublikasının xüsusi xidmət orqanları” (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən əsir götürülüb. Həmyerlilərimiz qondarma Dağlıq Qarabağda qurulan “oyuncaq məhkəmə”yə cəlb ediliblər. Bu “məhkəmə”nin 2014-cü il 29 dekabr tarixli “qərarı” ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına “məhkum olunublar”.

Azvision.az



Teqlər: Anar-Bağırov   Girov   Dilqəm-Əsgərov   Şahbaz-Quliyev  





Xəbər lenti