Azərbaycandan Çinə turist axını 50 faiz azalıb

  03 Fevral 2020    Oxunub : 2314
 Azərbaycandan Çinə turist axını 50 faiz azalıb
Keçən ilin yanvar ayı ilə müqayisədə bu il həm Bakıdan Çinə 50 faiz, Çindən Azərbaycana isə turist axını 20 faiz azalıb.

Bunu Azvision.az -a Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Fəxri Məmmədli deyib. Onun sözlərinə görə, fevral və mart aylarında turist sayında əlavə 20 faiz azalma gözlənilir.
“Azalma Çinə və əks istiqamətdə olan birbaşa reyslərin dayandırılması ilə bağlıdır. Fevral ayında AZAL Çinə olan bütün reysləri ləğv edib. Çin Hava Yolları isə fevral və mart ayları üçün reysləri ləğv edib. Çin höküməti deməsə də, düşünürük ki, bu, koronavirus təhlükəsi ilə əlaqəlidir. Birbaşa reys olmadığı üçün həm Azərbaycandan Çinə, həm də Çindən Azərbaycana gələn turistlərin sayında növbəti aylar üçün əlavə 20 faiz azalma gözlənilir”.

F.Məmmədli qeyd edib ki, turist sayının azalması yerli şirkətlərə ziyan vuracaq: “Çinə Azərbaycandan gedənlərin 80 faizi biznesmenlərdir. Onlar biznesləri ilə əlaqədar gedirlər. Qalan 15-20 faizi turist ola bilər. Azalma təbii ki, turşirkətlərə zərər vuracaq. Şirkətlərə nə qədər ziyanın dəyəcəyi araşdırılır. Şirkətlərin səfərləri dayandırması ilə yanaşı, turistlər də artıq Asiya istiqamətində səfərdən çəkinirlər. Həmçinin şirkətlər artıq Asiya istiqamətlərdə reklamlarını dayandırıblar”.

Şura üzvü əlavə edib ki, hazırda şirkətlər reklamları Türkiyə və birbaşa reys olan Avropa ölkələri istiqamətində çoxaldıblar: “Artıq erkən rezervasiya başlayıb. 90 faiz turistlər Türkiyə və Avropa ölkələrinə meyil göstərir, ora getmək istəyirlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Çin   Turist