Yanğınlar niyə baş verir, qarşısını necə almaq olar? - MÜSAHİBƏ

  03 Fevral 2020    Oxunub : 3870
 Yanğınlar niyə baş verir, qarşısını necə almaq olar? - MÜSAHİBƏ
"Beş və daha hündür mərtəbəli yaşayış binalarında istisnasız olaraq daxili yanğın su kranları quraşdırılmalıdır"
Azvision.az FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevin müsahibəsini təqdim edir:

- Daxili yanğın su kranları nə üçün lazımdır?

- Fövqəladə hallar sırasında ən geniş yayılmış arzuolunmaz hadisələrdən biri də yanğın hadisəsidir. Yanğın mülkiyyət növündən, mərtəbəliliyindən, konstruksiyasından, mərkəzdə yaxud ucqar bölgələrdə yerləşməsindən asılı olmayaraq, hər ünvanda baş verə bilir. İstənilən yanğın hadisəsinə səbəb yanğın təhlükəsizliyi norma və qaydalarına əməl olunmamasıdır. Yanğınların baş verməməsi üçün norma və qaydalara nəzarəti həyata keçirmək Dövlət Yanğın Nəzarəti Xidmətinə, baş vermiş yanğınların yayılmasının qarşısının alınması, ən qısa zamanda yanğının söndürülməsi, ehtiyacı yaranan insanların, qiymətli sənədlərin və əşyaların hadisə yerindən təhlükəsiz yerə çıxarılması Fövqəladə Hallar Nazirliyinin daha çox məsuliyyət və fədakarlıq tələb edən, alovla döyüşə girən Dövlət Yanğından Mühafizə Xidmətinə həvalə edilib.



Yanğınların söndürülməsində ən çox istifadə olunan sudur. Hadisə yerinə gələn yanğınsöndürənlər ya xarici yanğınsöndürmə vasitələrindən, yaxud da daxili yanğınsöndürmə vasitələrindən istifadə edirlər. İnsanlar tərəfindən inşa edilən bina və qurğular insanların iştirakı ilə elektrik, qaz və s. kimi enerji növlərinin tətbiqi ilə istismar olunur. Yəni, hər bir bina və qurğuda insan, enerji faktoru mövcuddur. Bu isə yanğın təhlükəsinin mövcudluğu kimi qəbul edilməlidir. Həm insan enerjidən istifadədə ehtiyatlı olmalı, həm də enerjini yanına gətirərkən enerjinin nəqlində, onun istədiyi şəklə salınmasında normalara, standartlara, istismar müddətinə əməl etməlidir! Enerji hər bir yanğının əsas elementidir, yaradıcısıdır. Enerji ona qarşı diqqətsizliyi dərhal cəzalandıran bir gücdür.

Yuxarıda qeyd etdiyimiz kimi, insanların hər hansı unutqanlığı, səhlənkarlığı, texnika və qurğulardan düzgün istifadə etməməsi nəticə etibarı ilə enerjinin işlədicilərdə normal sərfiyyatına deyil, qəzalara - yanğınlara səbəb olur. Buna görə də hər bir binanın, qurğunun yerləşdiyi ünvanlarda yanğın hadisəsinin ehtimalı nəzərə alınaraq, yanğın texnikalarının hadisə baş verən ünvana sərbəst yaxınlaşması, döyüş vəziyyətinə gətirmək üçün, su mənbəyindən su götürmək üçün şərait, xarici yanğınsöndürmə və daxili yanğınsöndürmə vasitələri lahiyələrdə nəzərə alınır, inşa olunur. Bugünkü mövzumuz daxili yanğınsöndürmə vasitələrinə həsr olunur.

- Daxili yanğınsöndürmə vasitələri – qurğuları nədir?

-Təyinatından, fəaliyyət növündən asılı olmayaraq, binaların istismarı binanın daxilində aparılan fəaliyyətdən ibarətdir ki, bu zaman elektrik qurğularından, cihazlarından, kabel və naqillərdən, qaz cihazlarından, istehsal proseslərində müxtəlif qurğu və aqreqatlardan istifadə olunur. Qeyd edilənlər bu və ya digər səbəblərdən yanğının baş verməsinə səbəb ola biləcəyindən ümumilikdə binanın yanğın yükünə təsir göstərən faktorlardır. Bu isə o deməkdir ki, yanğın yükünün böyük hissəsi binanın daxili hissəsinin payına düşür. Bu faktorlardan binaların daxilində yanğınların əmələ gəlməsi daimi gözlənilən olduğundan, baş verən yanğının dərhal, ətrafa yayılmadan söndürülməsi məqsədilə binanın daxilində yanğınsöndürmə vasitələri nəzərdə tutulur.

Daxili yanğınsöndürmə vasitələri dedikdə binaların daxilində ilkin yanğınsöndürmə alət və qurğuları – vasitələri nəzərdə tutulur ki, bu alət və vasitələr yanğının başlanğıc anında, yəni alov baş verdiyi nöqtədən kənara yayılmadan istifadə edilir. Təcrübədə çoxsaylı hadisələrin qarşısı bu usulla alınıb. Binaların daxilində baş vermiş yanğın ilkin mərhələni keçdiyi halda, yəni alovun ətrafa nüfuz etdiyi halda, artıq ilkin yanğınsöndürmə vasitələri kifayət etmir. Belə halda alovun binada quraşdırılmış daxili yanğın su kranlarından istifadə edilməklə söndürülməsi nəzərdə tutulur.

- Daxili yanğın su kranları nədir?

-Daxli yanğın su kranları yanğınsöndürmə qüvvə və texnikasının hadisə yerinə yetişməsinə qədər binaların daxili hissəsində baş vermiş yanğının söndürülməsi məqsədilə layihə əsasında quraşdırılmış daxili yanğın su xətlərinin bir hissəsidir. Daxili yanğın su xətləri yanğın su hovuzundan yanğın nasosları vasitəsilə binanın daxilinə çəkilmiş su xətlərindən, o cümlədən dikborulardan ibarət olan bir sistemdir. Bu sistem yanğınların söndürülməsi zamanı daha az su sərfi ilə, həm də əlavə yanğın avtotexnikası və ləvazimatlarına ehtiyac olmadan, eyni zamanda minimum işçi qüvvəsindən istifadə etməklə ən effektiv metoddur. Bu sistemin digər üstünlükləri ondan ibarətdir ki, yanğının binanın istismarçıları tərəfindən dərhal qarşısı alına bilər ki, bu halda yanğın ətrafa yayılmadan qısa müddətdə məhdudlaşdırılar və yanğından mühafizə qüvvələrinin müdaxiləsinə ehtiyac qalmaz. Bu halda vaxta, yanacaq xərclərinə, avtotexnikanın aşınma xərclərinə, yanğınsöndürənlərin artıq əmək sərf etməsinə qənaət etməklə yanaşı, həm də yollarda əlavə hərəkət gərginliyinin yaranmaması kimi faydalı cəhətləri qeyd etmək olar.

Daxili yanğın su kranları ictimai binalarda qüvvədə olan normalara görə, bəzi istisnalar olmaqla tikinti həcmi 5000m3-dən çox həcmli binalar, yaşayış binalarında isə 12 və daha yüksək mərtəbəli binalar üçün layihələndirilir. Daxili yanğın su kranlarının yuxarıda qeyd edilən üstünlüklərini nəzərə alaraq, qeyd edilən istisnalar, o cümlədən 5-12 mərtəbəli yaşayış binalarında daxili yanğın su kranlarının layihələndirilməməsi tələbi Xidmət tərəfindən nəzərdən keçirilməklə, müasir tipli binaların yanğın yükləri nəzərə alınmaqla təhlillər aparılmış və göstərilən istisnaların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə təkliflər hazırlanıb. Xidmət hesab edir ki, həcmi 5000m3-i keçdiyi halda bütün ictimai binalarda, eləcə də 5 və daha hündür mərtəbəli yaşayış binalarında istisnasız olaraq daxili yanğın su kranları quraşdırılmalıdır.

- Daxili yanğın su kranları necə quraşdırılır?

-Daxili yanğın su kranları təyinatından, mərtəbəliliyindən, dəhlizinin uzunluğundan asılı olaraq, 1,5-10 l/san su sərfi ilə 10metrdən az olmamaq şərti ilə su şırnağıni təmin edə biləcək, 2 ədəd–işçi və ehtiyat yanğın nasosları vasitəsilə tutumu 27m3-dən az olmayan yanğın su tutumlarına birləşdirilməlidir. Daxili yanğın su xətləri metal borularla montaj edilməli, boruların diametri layihəçi tərəfindən uyğun su təzyiqinin və sərfinin təmin edilməsi üçün hesabatla seçilir. Bir qayda olaraq, uyğun su təzyiqinin alınması üçün su tutumundan nasosa, nasosdan magistral su xəttinə, magistral su xəttindən paylayıcı dikborulara, dikborulardan daxili yanğın su kranlarına qədər olan məsafələrdə borunun diametri böyük ölçüdən kiçik ölçülərə keçməklə layihələndirilir.

Dikborular və kranlara keçidlər daha çox hallarda 51mm diametrli su şlanqlarının birləşdirilməsi üçün 50 mm diametrli borulardan montaj edilir. Daxili yanğın su kranları insanların təxliyyəsinə maneə olmamaq şərtilə bir qayda olaraq dəhlizlərdə və normaya görə döşəmədən 1,35 m hündürlükdə quraşdırılır. Daxili yanğın su kranları arasındakı məsafə elə nəzərə alınmalıdır ki, 20 metr standart uzunluğa malik şlanqın və 10metr su şırnağının uzunluqları nəzərə alınmaqla su şırnaqları bir biri ilə kəsişə bilsin. Şlanqlar metal borulara, su püskürdücü lülələr isə şlanqlara standart birləşdirici başlıqlar vasitəsilə birləşdirilir və standart ölçülü dəmir şkaflarda yerləşdirilir. Şkaflar bir qayda olaraq 60x60sm və ya 60x80sm ölçüdə montaj edilir. Daxili yanğın su kranlarının işə salınması 2 üsulla, şlanqın birləşdirildiyi borunun üzərində hidrofor nasosun işə düşməsi üçün montaj edilmiş açar-ventil vasitəsilə və ya məsafədən avtomatik işəsalma üçün elektrik düyməciyi vasitəsilə həyata keçirilir. Elektrik düyməciyi daxili yanğın su kranı ilə eyni hündürlükdə divarda quraşdırılır.Daxili yanğın su kranlarının şlanqlarının, nasosların işçi vəziyyətdə olması, ümumiyyətlə bu sistemin daimi olaraq işlək vəziyyətdə olmasına binanı istismar edən hüquqi və ya fiziki şəxslər məsuliyyət daşıyırlar.

Azvision.az

Teqlər: FHN   Yanğın