“2003-cü ildə və sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm” - Prezident

  04 Fevral 2020    Oxunub : 1810
 “2003-cü ildə və sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm” - Prezident
Uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib: "Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi. Amma bu gün bu, reallıqdır. Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyanın aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünki birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək.

Nəqliyyat sahəsində. Yeddi aeroport tikildi. Onların altısı beynəlxalq aeroportdur. Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur".

Bakı-Tbilisi-Qars dəmir yolunun tikildiyini xatırladan dövlət başçısı bildirib ki, bu, bizim tarixi qələbəmizdir: "Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm".

Prezident, həmçinin qeyd edib: "Energetika, neft-qaz sahəsində - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılacaq neftə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcəkdik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürəkkəb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünki o kəmərlər tikilməsəydi, o dəhliz açılmasaydı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bizim pulumuz da olmazdı. Gürcüstana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunluğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm siyasi məharət, həm diplomatik addımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əlaqələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız, bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək.

Yəni, qəbul edilmiş faktdır ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Konfrans