ABŞ telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb - VİDEO

  04 Fevral 2020    Oxunub : 2908
 ABŞ telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb - VİDEO
ABŞ-ın Kaliforniya ştatının ən böyük xəbər telekanallarından olan KUSI News kanalı Azərbaycana dair veriliş yayımlayıb.
Azvision.az xəbər verir ki, canlı yayımlanan verilişdə Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev iştirak edib.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində yerləşən KUSI News kanalı San Dieqo şəhəri və vilayətinin 3 milyondan çox əhalisi tərəfindən izlənilir.

Aparıcıların Azərbaycana dair suallarını cavablandıran baş konsul Nəsimi Ağayev Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratması, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi, bu gün Azərbaycanın müstəqil dövlət kimi inkişafı, enerji siyasəti, qitələrarası nəqliyyat qovşağına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yaxşılaşdırılması, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşaması, multikulturalizmin dövlət siyasəti olması, turizm imkanları və digər mövzular barədə tamaşaçıları məlumatlandırıb.



Baş konsul N. Ağayev, həmçinin San Dieqo şəhəri ilə Bakı arasında 10 ilə yaxındır qurulmuş əlaqələrdən söhbət açaraq, Azərbaycanın San Dieqoda tanıdılması məqsədilə Baş Konsulluğun keçirdiyi tədbirlər, xüsusilə Qara Qarayevin “Yeddi Gözəl” baletinin bir neçə il öncə San Dieqonun nüfuzlu Civic Theater teatrında səhnəyə qoyulması və baletin 3 mindən çox amerikalı tərəfindən sevilərək izlənilməsi, eləcə də digər çoxsaylı tədbirlərin təşkili barədə danışıb.

Müsahibə ərzində Bakının və Azərbaycanın müxtəlif guşələrinin əsrarəngiz gözəlliyini əks edirən video-çarx da nümayiş etdirilib.

Azvision.az

Teqlər: ABŞ   Müsahibə   Konsul   Azərbaycan