Lütfi Zadənin sonuncu ad günü məclisi: Ailə dostu xatirələrini bölüşdü - (FOTOLAR)

  04 Fevral 2020    Oxunub : 8582
Lütfi Zadənin sonuncu ad günü məclisi: Ailə dostu xatirələrini bölüşdü - (FOTOLAR)
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, mərhum professor Lütfi Zadənin doğum günüdür. Dahi ailm yaşasaydı, 99 yaşını qeyd edəcəkdi.
Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Lütfi Zadənin son anına kimi yanında olan dostu kimi onunla bağlı xatirələrini Azvision.az -la bölüşüb.



Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadə ad günlərini təmtəraqla keçirməyi xoşlamırdı: "Adətən doğum günlərini dostları ilə birlikdə restoranda qeyd edirdi. Sonuncu ad günündə xanımı 17 gün idi ki, dünyasını dəyişmişdi. Mən ona təklif etdim ki, Lütfi, gəlin gedək doğum gününüzü restoranda qeyd edək. Dedi, yox, qoy evdə olsun. Ona dedim, nə bişirim? Məndən səbzi qovurma və qiymə badımcan istədi. Mənim övladlarım da orada həm oxuyur, həm də təhsil alırdılar. Lütfinin istədiyi yeməkləri bişirib, onlara getdik. İçəri girəndə xidmətçisindən soruşdum ki, Lütfi haradadır? Dedi, guya yatıb, əslində sizi gözləyir, yatmayıb. Səsimi eşidən kimi tez durub gəldi. Dedi, pencəyimi geyinməyə kömək et. Həmin pencəyin yaxasında dövlət başçımızın verdiyi mükafat, "Dostluq" ordeni var idi. Biz 4 nəfər - övladlarım və Lütfi Zadə mətbəxdə süfrə açdıq. Bişirdiyim aşı yedi və təriflədi ki, çox dadlıdır. Sonra onunla tort kəsdik, şamları üfürdü. İki dilim tort yedi. Xanımından sonra özünə qapanmışdı. Az danışırdı, nadir hallarda gülürdü. Biz çalışdıq ki, həmin gün onu bir qədər vəziyyətdən çıxardaq. İki-üç saata qədər yanında oturduq. Dedik, güldük, zaraftlaşdıq. Gördüm ki, eyni açıldı, əvvəlki Lütfiyə qayıdır. Sonuncu ad günü belə keçdi”.



Ş.Şahbazaova Lütfi Zadə ilə birgə qeyd etdiyi daha bir doğum gününü xatırlayıb: “2016-cı ildə ad günündə təklif etdim ki, bizim evə gəlsinlər və onun ad gününü Azərbaycan qaydası ilə qeyd edək. Elə də oldu. Lütfi, onun xanımı və köməkçisi bizə gəldilər. Aş, yarpaq və üç bacı dolması bişirdim. Müxtəlif salatlar hazırladım, Lütfi spirtli içki qəbul edən deyildi. Həmin gün qırmızı şərab içdi. Özünü çox xoşbəxt hiss edirdi. Təxminən 4-5 saat oturdular. Gedəndə onlara hazır yeməklərdən verdim.

Lütfi Zadə mənim üçün dəyərli, ata zirvəsinə qədər ucalan insan idi. Onun qəbrini tez-tez ziyarət edirəm. Bakıda olanda ayda iki dəfə, olmayanda isə bir dəfə məzarını ziyarətə gedirəm. Axrıncı 12 ilimi Lütfi ilə həm elmi baxımdan, həm də ailə dostluğu baxımdan çox yaxın keçirmişəm. Onun haqqında informasiyaları bütün dünyaya çatdırıram. Konfranslarda çıxış edirəm, videoklipini nümayiş etdirirəm. Prezidentimizin onun şərəfinə ucaltdırdığı abidənin fotolarını bütün dünyaya göstərirəm. Oğlu Norman Zadə ilə arada yazışırıq. O, hesab edir ki, mən Lütfinin qızıyam".







Şahanə Rəhimli
Azvision.az

Teqlər: Lütfi-Zadə