Turizm Agentliyinin sədrindən müraciət

Turizm Agentliyinin sədrindən müraciət
  04 Fevral 2020    Oxunub:1746
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm ictimaiyyətinə müraciət edib.
Agentlikdən Azvision.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, ölkəmiz bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək:

“Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir. İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq. Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq. Artıq çoxsaylı azarkeşlər oyunları izləmək üçün uçuş biletləri və qalma yerləri daxil olmaqla Azərbaycana səfərlərini planlaşdırırlar. Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətindədir”.

F.Nağıyev təəssüf hissi ilə qeyd edib ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışılıb:

“Həmçinin bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz halların şahidi olduq. Bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən hotellər, hostellər, yerləşdirmə imkanlarına malik fərdi evlər və yerləşmə vasitələri hesab edilən mehmanxana tipli digər bütün obyektləri turistlərə xidmət göstərərkən bu kimi hallara yol verməməyə çağırır, ölkəmiz haqqında müsbət imicin qorunub saxlanmasına dəvət edirik”.

Agentlik sədri bildirib ki, Azərbaycanın turizm imkanlarının tanıdılması, turistlərin cəlb edilməsi, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün genişmiqyaslı işlər görülür:

“Ancaq xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar. Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq.

Ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda olduğu kimi bu il də Avropa çempionatının final mərhələsinin qrup oyunlarında ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün Dövlət Turizm Agentliyi digər aidiyyəti dövlət orqanları ilə birlikdə fəaliyyət göstərəcək: “Azərbaycanın müsbət imicinin formalaşması yolunda çalışan hər kəsə təşəkkür edir, ölkəmizin tanıdılmasında birlikdə daha böyük uğurlara imza ata biləcəyimizi ifadə edirik”.

Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti