Çinli diplomat koronavirusla bağlı azərbaycanlılara çağırış etdi

  04 Fevral 2020    Oxunub : 2602
 Çinli diplomat koronavirusla bağlı azərbaycanlılara çağırış etdi
"Hazırda Çinin epidemiyaya (koronavirus) qarşı gördüyü tədbirlər dünya ölkələri arasında ən sürətli qabaqlayıcı tədbirdir".
Azvision.az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Li Cin Sung deyib. O, bildirib ki, bununla yanaşı Çin xarici ölkələrlə sıx əməkdaşlıq edir.

"Bir neçə gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Uhanda olublar. Onlar Çin dövlətinin epidemiyanın qarşısını almaq üçün gördüyü tədbirləri yüksək qiymətləndirib" deyən diplomat əlavə edib ki, ÜST dünyanın hər yerindən olan insanların Çinə səfər etməsinə qadağa qoyulmasına qarşı çıxıb.

"Çin hökuməti xarici ölkələrlə epidemiyaya qarşı mübarizə məsələsində əməkdaşlığa hazırdır. Çin ÜST-ə, Honkonqa, Tayvana və digər ölkələrə dərhal epidemiya haqqında məlumat verib. Yanvarın 28-də Çin lideri ÜST rəhbəri ilə görüşüb və birlikdə epidemiyaya qarşı mübarizə aparılmalı olduğunu bildirib. O, epidemiyaya qarşı mübarizə məsələsində Çinin güclü dövlət və hökumət olduğunu deyib".

Diplomat xatırladıb ki, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Çin rəhbərinə başsağlığı məktubu ünvanlayıb və Çində aparılan sürətli tədbirləri alqışlayıb.

Müvəqqəti işlər vəkili Azərbaycan ictimaiyyətini epidemiya ilə bağlı təşvişə düşməməyə çağırıb. Onun fikrincə, epidemiyanı aradan qaldırmaq daha asandır, nəinki təşvişin yaratdığı zədələri: "Biz tez-tez görürük ki, Azərbaycanda şübhələnilən insanların temperaturu ölçülür, müayinə olunur. Biz bu məsələdə Azərbaycan tərəfi ilə həmfikirik".

Diplomat Azərbaycanın Çinə epidemiya ilə mübarizə sahəsində hər cür yardım göstərdiyini əlavə edib: "Bildiyim qədər, Çində çoxlu tələbə təhsil alır. O cümlədən, Uhan şəhərində oxuyan 6 tələbə Türkiyənin hərbi nəqliyyat təyyarəsi ilə vətənlərinə gətirilib" .

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus