Siyasi peşəkarlıq örnəyi: Azay Quliyevin təbliğat kampaniyası nədə və necə fərqləndi

      Siyasi peşəkarlıq örnəyi:    Azay Quliyevin təbliğat kampaniyası nədə və necə fərqləndi
  05 Fevral 2020    Oxunub:2885
Seçkiqabağı təbliğat dövrünün bitməsinə artq sayılı günlər qalır, ona görə də, keçilən yola boylanaraq, namizədlərdən kimin necə kampaniya apardığını dəyərləndirməyə imkan var. Ümumi mənzərəyə baxanda diqqəti çəkən budur ki, namizədlərin çoxu özlərinə uyğun olaraq, həvəskar kampaniya aparırdılar - yəni işə sistemsiz, texnoloji cəhətdən zəif, “ya mədəd” prinsipi ilə yanaşanlar az deyildi. Həqiqətən peşəkar kampaniya ilə çox az namizəd diqqəti çəkməyi bacardı ki, onlardan biri 8 saylı Binəqədi birinci seçki dairəsində mübarizə aparan Azay Quliyevdir.
Burada həm təcrübə, həm də peşəkarlıq öz sözünü deyirdi. Ölkədə artıq peşəkar siyasətçilər zümrəsi formalaşmaqdadır. Onlar hərəsi öz sahəsində çalışıb, seçkidən-seçkiyə ortaya atılan siyasi həvəskarlar yox, özünü bu işə həsr edən, siyasətlə professional səviyyədə məşğul olan, cəmiyyətlə dövlətin arasında ikitərəfli ötürücülük missiyasını həyata keçirən hələ ki azsaylı təbəqənin təmsilçiləridirlər. Belə şəxslərin arasında Azay Quliyev həmişə diqqət çəkir. O, peşəkar olduğunu bu seçki kampaniyasında da sübut etdi.

Özünü nədə göstərirdi bu peşəkarlıq? Hər şeydən əvvəl, siyasətdə professionallıq təcrübəli və işini bilən komandadan başlayır . Azay Quliyev elə bir komanda toplayıb ki, özünü ona əsas rəqib sayan şəxslərin qərargahındakı ən fəal üzvləri bəlkə növbəti seçkiyə qədər təcrübə toplamaları üçün bu komandaya praktikant qismində cəlb etmək olardı. Bütün kampaniya müddətində qərargah saat kimi işlədi: Vaxtlı-vaxtında seçicilərlə izdihamlı görüşlərin təşkili, mənzillərə baş çəkmələr, bukletlərin paylanması, kütləvi tədbirlər, media ilə sərrast və nizamlı iş... Hər şey yerində, qaydasında.

Dövrün ruhuna uyğun olaraq, yüzlərlə könüllünün prosesə cəlb olunmasını də xüsusi qeyd etmək lazımdır. İndi könüllülülər istənilən işdə uğur qazanmağın rəhninə çevrilib, çünki komanda nə qədər böyük və çevik olsa belə, hamının əlində 10 barmağı, sutkasında isə 24 saatı var. Könüllülər bu əllərin və sutkaların sayını kəskin şəkildə artırmaqla, prosesə daha böyük miqyas qazandırırlar.

Rəqiblərindən fərqli olaraq, Azay Quliyev komandası başqa namizədlərə hücuma keçmədi, ancaq öz işlərini görməklə və cəmiyyətə çatdırmaqla məşğul oldular. Bu isə hər şeydən əlavə, həm “qara PR” fəndlərindən bezən cəmiyyətin rəğbətini qazanmaq üçün çox effektiv strategiyadır.

“Necə edək ki, seçiciyə daha bir addım da yaxınlaşaq?!” – Üzərində düşünülən əsas sual bu idi və onun həlli üçün Azərbaycanda indiyə qədər heç kimin tətbiq etmədiyi innovativ bir variant həyata keçirildi: Şəxsi Elektron Kabinet. Sirr deyil ki, insanlar çox vaxt deputatlarının seçiləndən sonra əlçatmaz olduğundan gileylənirlər və bu, onları millət vəkillərindən narazı salan əsas cəhətdir: “Problemimiz var, deputatımızı haradan tapaq ki, dərdimizi deyə bilək?” Azay Quliyevin qərargahı bu məsləni radikal şəkildə həll etdi: Deputatınızı axtarırsınız? Lap yaxşı, uzağa getməyin, o, sizin cibinizdədir - Smartfonunuz qədər yaxında!

Bu addımlar o qədər peşəkarlıqla atılırdı ki, Azay Quliyevin rəqiblərinin bir neçəsi marafonu yarımçıq qoyaraq, yoldan çəkildilər. Güclü rəqibə olan belə hörmət hissi alqışa layiqdir. Buna siyasi mədəniyyəti çatmayanlar isə cürbəcür təxribatlara əl atdılar ki, bu da əslində eyni vəziyyətin (rəqibin mübarizə aparmaq mümkün olmayacaq qədər güclü olmasının) etirafı idi, sadəcə, ictimai əxlaqsız formada. Amma hətta bu ictimai əxlaqsızlığı ifşa edəndə də Azay Quliyevin komandası emosilyalarla yox, əsl peşəkar kimi soyuqqanlı davranırdı.

Əlbəttə, peşəkarlıq, siyasi texnologiyalar, texniki innovasiyalar – bütün bunlar çox vacibdirlər, amma istənilən seçki kampaniyasının uğuru ilk növbədə namizədin özündən, şəxsiyyətindən asılıdır. Zəif namizədi seçki texnologiyaları müəyyən həddə qədər qaldıra bilər, amma bu, Sizifin daşı yuxarıya itələməsi kimi bir şey olacaq. Azay Quliyev isə əvvəlki deputatlığı dövründə seçicinin rəğbətini qazana bilmişdi, çünki onun üçün seçki təbliğatı seçkidən dərhal sonra başlayır və 5 il davam edir, başqaları kimi 3 həftə yox. ATƏT PA-nın vitse-prezidenti kimi ölkənin maraqlarını xaricdə də təmsil etməsi isə şübhəsiz ki, seçinin gözündə ona əlavə üstünlük yaradır.

Bütün bunlar o deməkdir ki, 8 saylı Binəqədi birinci seçki dairəsində aşkar favorit var və onun qələbəsi tamamilə qanunauyğun olacaq. Rəqibləri isə bir məsələdə özlərinə təsəlli verə bilərlər: Azay Quliyevə uduzmaq eyib deyil, əksinə, belə güclü namizədlə yarışmaq şansı böyük bir təcrübədir. Qalır seçki gününü gözləyib, onun əlini sıxmaq.

Azvision.az



Teqlər: Azay-Quliyev  





Xəbər lenti